Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın şagird sayının azlığını bəhanə edərək Qərbi Frakiya Türk Azlığına məxsus daha 8 ibtidai məktəbi bağlamaq qərarını kəskin şəkildə qınayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli açıqlama verib.
O bildirib ki, bu son qərarla regionda türk azlığına məxsus ibtidai məktəblərin sayı 76-ya enib.
Nazirlik rəsmisinin sözlərinə görə, təkcə məktəblərin bağlanması deyil, həmçinin İskeçə 1 saylı Türk Azlıq İbtidai Məktəbinin birinci sinfinə qəbul zamanı süni maneələrin yaradılması da bu siyasətin tərkib hissəsidir. Öncü Keçeli vurğulayıb ki, bu addımlar Qərbi Frakiya türklərinin təhsil hüquqlarının sistemli şəkildə məhdudlaşdırılmasının növbəti sübutudur.
“Bu təzyiq xarakterli qərarlar və tətbiqlər Lozanna Sülh Müqaviləsinin müddəalarını açıq şəkildə pozur. Qərbi Frakiya Türk Azlığı ilə bağlı hüquq pozuntularını müəyyən edən beynəlxalq məhkəmə qərarlarını və aparıcı Avropa institutlarının tövsiyələrini icra etməkdən yayınan Yunanıstanı bir daha azlıqların hüquqları və əsas insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq”, – deyə Türkiyə XİN sözçüsü bildirib.
Qeyd edilib ki, Türkiyə Qərbi Frakiya Türk Azlığının hüquq və mənafelərinin müdafiəsi uğrunda apardığı mübarizəni qətiyyətlə dəstəkləməyə davam edəcəkdir.
