Rusiyadan Kiyevə son ayların ən güclü hücumu – Zelenski təcili çağırış etdibackend

Rusiyadan Kiyevə son ayların ən güclü hücumu - Zelenski təcili çağırış etdi

Rusiya ordusu iyulun 19-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə son dövrün ən kütləvi hücumlarından birini həyata keçirib. 

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum zamanı 40-dan çox müxtəlif tipli raket və 120 zərbə PUA-sı buraxılıb.

Zelenski bildirib ki, hazırkı məlumata əsasən, bir nəfər həlak olub, 16 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilir. Hücumun nəticələrinin aradan qaldırılması işləri üç fərqli ərazidə davam edir və prosesə 600-ə yaxın xilasedici cəlb olunub. Odessa vilayətində də müvafiq xidmətlər fəaliyyət göstərir.

Ukrayna liderinin sözlərinə görə, Rusiya ötən həftə ərzində Ukraynaya qarşı təxminən 1450 zərbə PUA-sı, 1640-dan çox idarəolunan aviasiya bombası və 99 müxtəlif tipli raketdən istifadə edib.

O, qeyd edib ki, Odessa və Zaporojye vilayətlərində sakinlər xəsarət alıb, Sumı və Çerniqov vilayətlərində dağıntılar qeydə alınıb. Bundan başqa, həftə ərzində Vinnitsa, Dnepropetrovsk, Donetsk, Jitomir, Kirovoqrad, Nikolayev, Poltava, Xarkov, Xerson və Çerkassı vilayətləri də Rusiya hücumlarına məruz qalıb.

Zelenski ballistik raketlərdən müdafiənin Ukrayna üçün əsas prioritetlərdən biri olaraq qaldığını vurğulayıb.

“Ballistik raketlərin qarşısını alan sistemlərə hər gün ehtiyac var. Bu sahədə əldə olunan razılaşmaların yerinə yetirilməsinə və hava hücumundan müdafiə vasitələrinin tədarükünə görə tərəfdaşlarımıza minnətdaram. Bu sistemlər hər bir kütləvi hücum zamanı insanların həyatını xilas edir. Eyni zamanda, Rusiyaya təzyiq davam etməlidir. Yeni qərarların gecikdirilməsi Moskvaya həm yeni hücumlar planlaşdırmaq, həm də sanksiyalardan yayınmaq üçün vaxt qazandırır”, – deyə o, bildirib.

Qeyd edək ki, bundan əvvəl də Rusiya ordusunun iyulun 19-na keçən gecə Kiyevə genişmiqyaslı raket zərbələri endirdiyi, paytaxtda hava həyəcanı fonunda çoxsaylı partlayışların baş verdiyi bildirilmişdi.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*