“Adı var, özü yox”: AMEA ləğv edilməlidir – VİDEObackend

“Adı var, özü yox”: AMEA ləğv edilməlidir - VİDEO

Azərbaycanda el arasında belə bir ifadə işlədilir: “Adı var, özü yox”. Bu deyim bizim Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı fəaliyyətsizliyi ilə tam uzlaşır. Elə indiki vəziyyətdə AMEA-dan Azərbaycan xalqına və dövlətinə qalan da yalnız quru addır. Elm ocağının içi isə boşdur, sözün bütün mənalarında… Yüzlərlə alimin yığışdığı AMEA-da uzun zamandır ki, yalnız intriqa və daxili çəkişmələr hökm sürür. Elmdən, qılıncdan da kəsərli olan alim sözündən isə əsər-əlamət yoxdur. Üstəlik dövlətin büdcəsindən bu böyüklüyündə binanı və orada oturub gün keçirən, varlığı ilə yoxluğu hiss olunmayan şəxsləri maliyyələşdirmək üçün külli miqdarda vəsait ayrılır. Artıq xərc isə nə dövlətə, nə də millətə gərəkdir. Vacib və lazımlı olan “elm” isə təəssüf ki, yoxdur. Bu gedişlə heç olmayacağı da açıq görünür. Odur ki, “AMEA kimə lazımdır?” sualı haqlı olaraq cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib.

Bu suala cavab tapmaq üçün KONKRET.az tarixçi-alim Boran Əzizlə əlaqə saxlayıb. Saytımıza açıqlamasında alim bildirib ki, AMEA Azərbaycan dövlətinin büdcəsi hesabına fəaliyyət göstərdiyindən, hər bir insanın onun fəaliyyəti ilə maraqlanması təbiidir və bu elm ocağından gözləntilər böyükdür: “Təəssüf ki, yarandığı dövrdən bəri AMEA-da islahatlar çox zəif gedir. Xüsusilə, müstəqilliyimiz dövründə orada islahatların aparılmasına, yeni istiqamətlər uğrunda çalışmaların güclənməsinə ehtiyac var. Lakin biz bunu görmürük. Eyni zamanda Azərbaycan təhsilində də müəyyən nöqsanlar mövcuddur. AMEA ilə təhsilin yaxınlaşdırılması istiqaməti barədə də ciddi düşünülməlidir. Çünki ali məktəblərdə faktiki olaraq bir sıra sahələr AMEA-da aparılan tədqiqatlardan kənarda qalıb. Oradakı tədqiqatlar demək olar ki, yeni gənc nəslə çatdırılmır. Bu baxımdan hesab edirəm ki, AMEA-nın özündə ciddi islahatlar aparılmalı və onun təhsilə yaxınlaşdırılması barədə ciddi düşünülməlidir”.

“İran  yalnız indi deyil,  Xalq Cümhuriyyəti zamanı da bizə qarşı belə mövqe tutub...”

Dünya təcrübəsinə baxsaq AMEA kimi qurumların mövcud olmadığını görə bilərik. Elə elmi, iqtisadi inkişafı ilə dünyanın aparıcı dövlətlərindən biri olan qardaş Türkiyədə də ayrıca bir Akademiya fəaliyyət göstərmir. Boran Əzizin sözlərinə görə, bu cür Akademiya və yaradıcılıq qurumları Sovet dövründə yaradılıb və onların fəaliyyəti siyasi sistemə xidmət etməklə bağlı olub: “Elmi Tədqiqat İnstitutlarının olması vacibdir və bunsuz mümkün deyil. Amma onların hansı formada mövcud olması və fəaliyyət göstərməsi tamamilə başqa mövzudur. Hesab edirəm ki, dünya praktikasındakı struktur və elmin inkişafı istiqamətləri Azərbaycanda da tətbiq olunmalıdır”.

Tarixçi-alim əlavə edib ki, Elmlər Akademiyasının müxtəlif İnstitutları Bakı Dövlət Universitetinin müvafiq fakultələri ilə birləşdirilə bilər: “Məsələn BDU-nun fizika fakultəsi nəzdində Fizika Problemləri İnstitutunun yaradılması mümkündür. Hesab edirəm ki, bu, elmi tədqiqat üçün effektiv ola bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*