Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamın imzalanmasında məqsəd insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsidir.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməli, Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Daxili İşlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
X X X
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı məlumata və ya şifahi məlumatın qəbul edilməsi barədə protokola dərkənar qoymaqla məlumatın daxil olduğu vaxtdan 48 saatdan (hazırda 24 saat) gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılacaq.
Bundan başqa, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.
Eyni zamanda Məcəllənin bəzi maddələrində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilib. Bu bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.
Eyni zamanda hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq dəyişiklik nəzərdə tutulur.
