İnvestisiya üçün hansı qızılı almaq lazımdır? Ekspert izah etdibackend

İnvestisiya üçün hansı qızılı almaq lazımdır? Ekspert izah etdi

İran və ABŞ arasında yenidən artan gərginlik qlobal bazarlarda narahatlığı artırıb. Belə dövrlərdə investorların ənənəvi olaraq “təhlükəsiz liman” hesab edilən qızıla üz tutduğu bildirilir.

Bəs hazırkı vəziyyət qızılın qiymətinə ciddi təsir göstərə bilərmi? İnvestisiya məqsədilə qızıl almaq istəyənlər yeni, yoxsa ikinci əl qızıla üstünlük verməlidirlər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda vəsaitini dəyərləndirmək istəyən şəxslərin seçim imkanları məhduddur:

Razi Abbasbəyli: “Ölkəmizdə 5 milyondan çox insan...” - MÜSAHİBƏ

“Azərbaycanda investisiya etmək istəyənlər ya pullarını banka yerləşdirərək faiz gəliri əldə edə, ya da qızıl ala bilərlər. Qızıl alınarkən üzərində brilyant, almaz, firuzə və digər qiymətli daşlar olmamasına diqqət edilməlidir. İnvestisiya məqsədilə ən uyğun seçim sadə, 585 əyarlı qızıldır. İkinci əl qızıl almaq da mümkündür.”

İqtisadçının sözlərinə görə, qızılın yaxın dövrdə ucuzlaşacağı gözlənilmir. Bununla yanaşı, qısa müddətdə ciddi qiymət artımı da proqnozlaşdırılmır.

R.Abbasbəyli hesab edir ki, İran-ABŞ münasibətlərində yaşanan gərginlik qızıl bazarına həlledici təsir göstərmir:

“Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ABŞ ilə İran arasında gərginliyin qızıl bazarına ciddi təsiri yoxdur. Qızıl almaq istəyənlər bunu artıq ediblər və saxlayırlar. İndi elə bir vəziyyət yaranmayacaq ki, hamı kütləvi şəkildə qızıla keçsin.”

İqtisadçı əlavə edib ki, son aylarda qızılın qiymətində müşahidə olunan artım daha çox psixoloji amillərlə bağlıdır:

“Qızılın qiymətindəki dəyişikliklər əsasən 7-8 ay əvvəl baş verdi və bu, daha çox psixoloji xarakter daşıyırdı. Dünyanın əksər ölkələri artıq qızıl ehtiyatlarını formalaşdırıblar. Hazırda nə London, nə də Nyu-York birjalarında qızılın qiymətində kəskin bahalaşma və ya ucuzlaşmanı şərtləndirəcək real gözləntilər görünmür.”

Razi Abbasbəyli, həmçinin, İran-ABŞ münasibətlərinə dair şəxsi qiymətləndirməsini də bölüşərək bildirib ki, tərəflər arasında baş verən proseslərin arxasında iqtisadi maraqlar dayanır. Onun fikrincə, bu cür gərginliklər qlobal enerji bazarında qısamüddətli qiymət dəyişikliklərinə səbəb olsa da, uzunmüddətli hərbi qarşıdurma ehtimalı yüksək deyil.

Müşviq Tofiqoğu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*