“Azərbaycanın müvafiq hökumət strukturları bir-biri ilə əlaqəli işləmir. Elm və Təhsil Nazirliyi şagirdin məktəb illərində idmana meyilli olması və yüksək nailiyyətlər qazanması ilə bağlı Gənclər və İdman Nazirliyinə məktub yazmalıdır. Amma çox vaxt yazılmır. Həmin şagirdin hərbi xidmət vaxtı gəldikdə, Gənclər və İdman Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub yazır ki, filankəsin hərbi xidmət yerini Kəlbəcərə, Laçına deyil, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna (MOİK) təyin edin. Bunun üçün işləmək lazımdır, hardasa rəqs etmək, gün keçirmək yox”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, istedadlı gənc idmançılar diqqət mərkəzində olmalıdır:
“İdmançılar uşaq yaşlarından izlənməlidir ki, istedadlar itməsin. Heç 18 yaşı tamam olmayan ispaniyalı Lamin Yamal bu gün bütün dünyanın diqqət mərkəzindədir. Bu futbolçu çox kasıb ailədən çıxıb. Lakin İspaniya dövləti onun haqqında düşünüb və qoruyub. Azərbaycan isə 627 bal toplayan ADA Universitetinin məzunu Ceyhun Hüseynov Naxçıvana hərbi xidmətə göndərildi və həyatını itirdi.
Doğrudur, Müdafiə Nazirliyi bütün idmançıları qəbul etmək gücündə deyil. MOİK-də təxminən 1 bölük səviyyəsində şəxsi heyəti qəbul edib yerləşdirmək olar. Onlar həm öz sahələri üzrə idmanla məşğul olar, həm də xidmət keçərlər”.
Hərbi ekspert əlavə edib ki, aidiyyəti qurumlar bu mövzu ilə bağlı ciddi işləməlidir:
“SSRİ dövründə buna “ÇSKA” deyirdilər. Həmin model ittifaqa üzv olan bütün 15 respublikada, o cümlədən Azərbaycanda tətbiq olunurdu. Mən özüm təhsil aldığım illərdə xatırlayıram ki, “Neftçi” klubunun 2 futbolçusu hərbi xidmətə çağırıldı və onlar dərhal MOİK-in futbol komandasına götürüldü. Adlarını da xatırlayıram: Novruz Əzimov və Elxan Rəsulov. Onlar həm hərbi xidmət etdilər, həm də futbolla məşğul oldular. Bu gün Azərbaycanda bunu etmək 2 vur 2 qədər asandır”.
Xatırlatma: bu ilin martında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov Milli Məclisin Gənclər və idman komitəsinin təşkil etdiyi 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı keçirilən ictimai dinləmədə sözügedən mövzunu qaldırıb:
“Bizim idmançılar 17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olub təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak etmək də vətənə xidmətdir. Bunu nəzərə alsaq, həmin yaşlarda idmançıları itirmiş oluruq.
Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. 1 il 6 ay hərbi xidmət çəkdikdə həmin idmançını itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabət itir, ardı gəlmir, müəyyən vaxtdan nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu qanunla tənzimlənsə, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsa, yaxşı olardı”.
