Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrətin rus bölmələrinin fəaliyyəti ilə bağlı kəskin mövqeyi sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Belə ki, şərh verənlər Azərbaycanda bir çox iş yerlərində rus dili tələbinin olduğunu əsas gətirərək rus dilində təhsilin ləğvini düzgün hesab etmirlər.
KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən A.Həsrət deyib ki, “Hər yerdə rus dili tələb edilir” deyimi manipulyasiyadan başqa bir şey deyil.
O bildirib ki, özü şəxsən bir çox iş yerlərindən rus dilinin tələb olunub-olunmadığı ilə bağlı maraqlanıb: “Müxtəlif iş yerlərində işçidən maraqlanmışam ki, səni işə götürəndə rus dili tələb ediblərmi? O da təəccüblə cavab verib ki, yox, mənim rus dilinə nə ehtiyacım var, buranın da rus dilinə ehtiyacı yoxdur, Azərbaycan dövlətidir, dilimi də yaxşı bilirəm və işə qəbul ediblər. Təbliğat aparılır ki, guya iş yerlərində rus dili tələb edilir. Bu, boş söhbətdir. Azərbaycanda müəyyən müəssisələrdə həqiqətən də ehtiyac olmadan rus dili tələbi qoyulur. Tələbi qoyanlar da Moskvanın uzantılarıdır. Həmin adamlar müxtəlif dövlət qurumlarında, böyük biznesdə, banklarda, böyük tikinti şirkətlərində işləyirlər. Yəni o adamlar heç bir zərurət olmadan belə rus dili tələbini qoyurlar. Siz əmin olun ki, həmin tələbi də özbaşına qoymurlar. Belə adamlar Moskvanın uzantılarıdır. Zərurət olmadan rus dili tələbi qoyulursa, deməli, adamlar Moskvaya bağlıdırlar, Moskvaya xidmət edirlər. Bunu da məqsədli şəkildə edirlər ki, görüntü yaransın ki, guya Azərbaycanda bütün iş yerlərində rus dili tələb edilir. Rus dili bizim nəyimizə lazımdır? Yəni dövlət yazışmaları hamısı Azərbaycan dilində aparılır, Azərbaycanda rus dilində müraciət etsəniz, heç bir dövlət qurumu sizə cavab verməyəcək. Azərbaycan dilində hesabatlar verirsiniz. Hətta “mygov” sistemindən də bir sənəd almaq istəyirsinizsə, yenə Azərbaycan dilindədir. Yəni belə bir durum varkən haradan çıxdı ki, rus dili tələb edilir? Bu, manipulyasiyadır”.
A.Həsrətin sözlərinə görə, əvvəllər manipulyasiya edirdilər ki, guya rus məktəbərində oxuyanlar daha savadlı, tərbiyəli olur: “Biz son illərdə apardığımız işlə sübut etdik ki, bu, yalandır. Məsələn, rus bölməsini bitirmiş bir nəfər məzun, abituriyent göstərə bilməzsiniz ki, 700 balla universitetə qəbul olunsun. Universitetlərin rus bölmələrinə qəbul Azərbaycan bölmələrinə qəbuldan daha az bal tələb edir. Siz Azərbaycan bölməsini bitirib 400 balla qəbul ola biləcəyiniz ixtisasa rus bölməsini bitirib 200 balla qəbul oluna bilirsiniz. Çünki aşağı səviyyədir, savadsızdırlar, həqiqətən də elmləri, bilikləri mənimsəyə bilməyiblər. Üstünlük deyilən bir şey yoxdur. Rus dili Azərbaycan üçün bir imperiya boyunduruğudur və müstəqilliyimizin 35-ci ilində belə bu boyunduruğu könüllü şəkildə daşıyırıqsa, vay olsun bizim millətimizə. Hələ adamlar var ki, ortaya çıxıb rus dilinə görə mənimlə mübahisə, təhqir edirlər. İnsan nə qədər manqurtlaşmış, öz millətinə arxa çevirmiş olmalıdır ki, öz dilini və millətini deyil, onu işğal etmiş, zülmlər yaşatmış bir millətin və onun dilini müdafiə etsin. Həm də kimlə öz millətindən… Görürsünüz, manqurtlaşmış bir qisim hələ də qalır və onlar ortalıqda dolaşıb manipulyasiya etməklə məşğuldur. Ona görə də deyirəm ki, heç bir belə durum yoxdur. Bəzən deyirlər ki, dil öyrənməyin nəyi pisdir? Mən heç vaxt deməmişəm ki, rus dili öyrənməyin. Əlbəttə, öyrənin, lazımdır! Amma bunun üçün uşağı Azərbaycan dövlətinin hesabına 11 il məktəbdə oxutmazlar. Ehtiyac yoxdur. Universitetlərdə elə ixtisaslar var ki, onların ümumiyyətlə rus dilində olması anlaşılan deyil. Məsələn, kənd təsərrüfatına aid olan bir sahəni niyə rus dilində oxumalıyam ki? Azərbaycanda işləyəcəm də… Rusiya üçün kadr hazırlamırıq ki, gənclərimizi rus dilində oxuduruq. Azərbaycanın hansı kəndinə, rayonuna getsəniz, sizinlə hər kəs Azərbaycan dilində danışacaq. Süni şəkildə rus dilini ayaqda tuturlar, bu da Moskvaya xidmətdən başqa bir şey deyil. Ona görə də dövlət hesabına məktəblərə rus dilində qəbul dayandırılmalıdır. Azərbaycan dövləti Rusiya imperiyasının ömrünü uzatmağa xidmət etməməlidir”.
Xatırlatma: Azər Həsrət “Azərbaycan bu ildən başlayaraq rus olmayanların rus bölməsinə qəbulunu birmənalı olaraq dayandırmalıdır! Müstəqilliyin 35-ci ilində belə bu ayıbı üzərimizdə daşımamalıyıq! Biz qalib millətik! Dünya bizi biz olduğumuz üçün tanıyır! Belə bir millət olaraq hələ də rus boyunduruğu olan rus məktəblərini dövlət hesabına saxlamağımız bizim üçün ən aşağılayıcı bir ayıbdır!”, deyə paylaşım edib.
