Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞUbackend

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? - SORĞU

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası keçirildi. Bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Lakin onların istirahətinin necə keçəcəyi hər zaman ictimai maraq doğuran mövzulardan biri olub. Bəziləri xarici ölkələrə üz tutmağa üstünlük versə də, bir çox deputatlar bu il istirahətini Azərbaycanda keçirməyi planlaşdırır. Kimisi bölgələrə səfər etməyi, kimisi ailəsi ilə vaxt keçirməyi, digərləri isə istirahətlə yanaşı ictimai-siyasi fəaliyyətini davam etdirməyi düşünür.

Bəs Milli Məclis üzvləri bu il yay tətilini harada keçirəcəklər?

KONKRET.az deputatların istirahət planlarını öyrənib.

Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, hələlik xaricə səfər etməyi planlaşdırmır:

Razi Nurullayev: “Yaxınlarım işsizdir, məni günahlandırırlar ki, deputat da oldun, işə düzəltmədin…” Pravda.az

“Yay tətili ilə bağlı hələlik xaricə səfər planım yoxdur. Vaxtımı əsasən Bakıda, eləcə də Azərbaycanın müxtəlif rayon və kəndlərində keçirməyi düşünürəm. Kəndlərdə olmaq, insanlarla ünsiyyət qurmaq, təbiətin qoynunda vaxt keçirmək mənə xüsusi zövq verir. Mənim üçün ölkəmizin bölgələrini gəzmək, onların gözəlliklərini yaxından görmək və insanlarla birbaşa təmasda olmaq həm dincəlmək, həm də gündəlik iş tempindən bir qədər uzaqlaşmaq üçün ən yaxşı imkandır.”

Deputat Fazil Mustafa da yay tətilini ölkə daxilində keçirəcəyini deyib:

Fazil Mustafa: “Qəbuluma gələn 15 nəfərdən 10-u iş, 5-i borc istədi” Pravda.az

“Yay istirahətimi Bakıda və Azərbaycanın müxtəlif rayonlarında keçirməyi planlaşdırıram.”

Milli Məclisin üzvü Elman Nəsirov isə bildirib ki, deputatların yay tətili formal xarakter daşıyır və bu müddətdə də fəaliyyətlərini davam etdirirlər:

Elman Nəsirov Azər Qasımlının həbsindən danışdı: “Heç kim hakimiyyəti sərt tənqid etdiyinə görə cəzalana bilməz” Pravda.az

“Artıq deputatların yay tətili başlayıb. Tətilimi Azərbaycanda keçirəcəm, xaricə səfər etmək niyyətim yoxdur. Əsasən Qubada və Şamaxıda olacam. Astara və Cəlilabada da getməyi planlaşdırıram. Bizim yay tətilimiz nisbi xarakter daşıyır. Bu dövrdə də mətbuatla işləyirik, ölkədə və dünyada baş verən hadisələrə münasibət bildiririk, siyasi təhlillər aparırıq. Yəni iş və istirahət bir-birini tamamlayacaq.”

Milli Məclisin üzvü Naqif Həmzəyev bildirib ki, yay tətilini Azərbaycanda keçirəcək:

Naqif Həmzəyev — Vikipediya

“Daha çox Gəncə şəhəri və yaxınlığında olan rayonlarda olmağı planlaşdırıram. Əgər alınsa ailəmlə Qarabağ və Şərqi Zəngəzura da səfər etməyi planlaşdırmışıq. Bir sözlə Azərbaycanın o qədər çox füsunkar istirahət yerləri var ki, gəzməklə bitəsi deyil. Bir ömür bəs etməz. Hər kəsi yerli turizmin inkişafına töhvə verməyə cağırıram”.

Göründüyü kimi, sorğumuza qatılan deputatların əksəriyyəti bu il xarici səfər planlaşdırmır.

Onlar istirahətlərini Azərbaycanın müxtəlif bölgələrində keçirməyi, təbiətdə dincəlməyi, seçicilərlə ünsiyyətdə olmağı və eyni zamanda ictimai-siyasi fəaliyyətlərini davam etdirməyi üstün tuturlar.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*