Ağıllı kofe aparatı cəmi 10 gün ərzində 1 terabaytdan çox internet trafiki yaradaraq evdəki Wi-Fi şəbəkəsinin işini pozub. Hadisə ağıllı məişət cihazlarının internetə qoşulması ilə bağlı gözlənilməz problemləri yenidən gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə “UniladTech” məlumat yayıb.
Məlumata görə, Prusa şirkətində çalışan İT mütəxəssisi Nomad valideynlərinin evində internet sürətinin kəskin azaldığını aşkar edib. Problemin səbəbini araşdıran mütəxəssis ağıllı kofe aparatının 10 gün 9 saat ərzində 1008,45 giqabayt həcmində çıxan trafik yaratdığını müəyyən edib.
Mütəxəssisin sözlərinə görə, bu, böyük ehtimalla konkret cihazdakı texniki nasazlıqla bağlı olub. Trafikin əhəmiyyətli hissəsinin ev şəbəkəsindən kənara çıxmadığı bildirilib. Buna baxmayaraq, cihazın yaratdığı yük marşrutlaşdırıcının işinə mane olub.
Problemi aradan qaldırmaq üçün kofe aparatı elektrik şəbəkəsindən ayrılıb və yenidən qoşulub. Daha sonra mütəxəssis cihazı ayrıca virtual şəbəkəyə keçirərək evdəki digər avadanlıqlardan təcrid edib. O, aparatı internetə qoşulmadan istifadə etməyə qərar verib.
Qeyd edək ki, bu model Wi-Fi vasitəsilə kofe kapsullarını tanıya, içkinin hazırlanma temperaturunu və suyun həcmini avtomatik seçə, həmçinin “Alexa” və “Google Home” sistemləri ilə işləyə bilir.
Mütəxəssisin müşahidəsi cihazın gizli şəkildə məlumat topladığını və ya ötürdüyünü sübut etmir. Hadisənin konkret texniki səbəbi də tam müəyyənləşdirilməyib. Bununla belə, bu nümunə ağıllı məişət cihazlarında proqram xətalarının ev şəbəkəsinin işinə təsir göstərə biləcəyini nümayiş etdirir.
Günay Əli
KONKRET.az
