Almaniya Rusiya ilə münasibətlərdə “Zeitenwende 2.0” – yeni mərhələ adlandırılan dövrə qədəm qoymağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Gözlənilir ki, Berlin rəsmi olaraq Moskvanı avqust ayında Leypsiq/Halle hava limanına edilən dron hücumunda birbaşa ittiham edəcək. Bununla paralel olaraq, Almaniya daha sərt milli tədbirlər görməyi, Ukraynaya dəstəyi artırmağı və Avropa İttifaqının (Aİ) yeni sanksiya paketini təqdim etməyi planlaşdırır.
Bu kəskin dönüşün əsas məqsədi Rusiyanın həyata keçirdiyi hibrid hücumlara qarşı keçmişdə sərgilənən təmkinli və ehtiyatlı mövqeyə son qoymaqdır.
Məlumata görə, təxminən 1600 fiziki və hüquqi şəxs Aİ-nin sanksiya siyahılarına daxil edilmək üçün nəzərdən keçirilir və payız aylarında daha miqyaslı tədbirlərin qəbul olunacağı gözlənilir.
Almaniyanın hazırladığı milli tədbirlərin dəqiq detalları hələ ki işlənmə mərhələsindədir, lakin Berlin bu addımlara görə Rusiyadan sərt cavab reaksiyasının gələcəyinə də hazırlaşır.
Natiq Səlim,
KONKRET.az
