Almatıda Türk mədəniyyəti və mədəni irsin qorunmasına həsr olunan beynəlxalq simpozium keçirilibbackend

Almatıda Türk mədəniyyəti və mədəni irsin qorunmasına həsr olunan beynəlxalq simpozium keçirilib

20-21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində XX Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Qorunması Simpoziumu və İncəsənət Tədbirləri keçirilib. Simpozium Qazaxıstan Respublikasının tanınmış rəssamı, İncəsənət Akademiyasının akademiki Marat Turğumbayın yaradıcılığının 50 illiyinə həsr edilib.

KONKRET.az xəbər verir ki, Qazax Milli Qızlar Pedaqoji Universitetində baş tutan beynəlxalq tədbir türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyıb. Tədbir Qazax Milli Qızlar Pedaqoji Universiteti və Aydın Adnan Menderes Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Simpoziumda Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Hindistan, Rusiya, Avstriya, Şimali Makedoniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Nigeriya və digər ölkələri təmsil edən 50-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

Simpoziumun açılış mərasimində Qazax Milli Qızlar Pedaqoji Universitetinin İdarə Heyətinin sədri-rektoru professor Beybitgül Kərimova, Türkiyənin Almatıdakı baş konsulu Tuğba Alan Özdənfədakar, Simpoziumun Təşkilat Komitəsinin sədri Əhməd Aytac, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin sədri Fariz Xəlilli və digər qonaqlar çıxış ediblər. Açılış nitqlərində türk xalqları arasında ortaq elmi və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, beynəlxalq əməkdaşlıq platformalarının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri, professor Qafar Cəbiyev və aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Ağsu (Azərbaycan) və Otrar (Qazaxıstan) arxeoloji qazıntıları nümunəsində islam şəhərlərinin struktur özəllikləri” mövzusunda məruzə ediblər. Məruzədə Azərbaycan və Qazaxıstan ərazilərində yerləşən orta əsr islam şəhərlərinin arxeoloji tədqiqi, şəhərsalma ənənələri, memarlıq xüsusiyyətləri və urbanistik inkişaf modelləri müqayisəli şəkildə təhlil olunub.

Simpoziumda Azərbaycandan iştirak edən digər tədqiqatçılar da müxtəlif mövzularda elmi məruzələrlə çıxış ediblər. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin baş elmi işçisi, professor Kubra Əliyeva “Azərbaycanda bayram fenomenləri ilə əlaqəli tarixi köklər və simvolizm” mövzusunda məruzə təqdim edib. Məruzədə Azərbaycan xalqının ənənəvi bayram mədəniyyəti, mərasimlərin tarixi mənşəyi və onların cəmiyyətin mədəni yaddaşındakı rolu təhlil olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli “Əlyazmalar İnstitutunda mühafizə edilən Sudinin “Şərhi-Divani-Hafiz” əlyazmasının paleoqrafik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə orta əsr əlyazmalarının paleoqrafik xüsusiyyətləri, xəttatlıq ənənələri və yazılı mədəni irsin qorunmasının elmi əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, dosent Həbibə Əliyeva “Azərbaycanda sualtı arxeologiyanın ortaya çıxardığı Səlcuqlu mirası: yazılı keramika sənəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda aparılan sualtı arxeoloji tədqiqatlar nəticəsində aşkarlanan Səlcuq dövrünə aid yazılı keramika nümunələri, onların bədii-estetik xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə məlumat verilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Həsənli “Azərbaycan nümunələri əsasında ibtidai sinif şagirdlərinin sosial media savadlılığı səviyyəsi” mövzusunda təqdimat edib. Məruzədə Azərbaycanda məktəblilər arasında rəqəmsal savadlılıq, sosial media istifadəsi və informasiya təhlükəsizliyi məsələləri qeyd olunub.

Bakı Dövlət Universitetinin dosenti Elmira Əliyeva “Ardıc ağacının təbii sərvət və yüksək ekoloji əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Məruzədə ardıc ağacının biomüxtəlifliyin qorunmasındakı rolu, ekoloji tarazlığın saxlanılmasına təsiri və türk xalqlarının mədəni yaddaşındakı yeri haqqında məlumat verilib.

Simpozium çərçivəsində türk xalqlarının tarixi, arxeologiyası, incəsənəti, memarlığı, etnoqrafiyası, dekorativ-tətbiqi sənəti və mədəni irsinin qorunması ilə bağlı müxtəlif elmi məruzələr dinlənilib. Sessiyalarda ənənəvi sənət nümunələrinin müasir dövrdə qorunması, rəqəmsal texnologiyaların mədəni irsin tədqiqində tətbiqi və ortaq türk mədəniyyətinin beynəlxalq səviyyədə təbliği məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində beynəlxalq incəsənət sərgisi də təşkil olunub. Sərgidə müxtəlif ölkələrdən rəssam və sənətçilərin əsərləri nümayiş etdirilib. Sərgidə ölkəmizi “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Vüqar Quliyev təmsil edib.

Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub, beynəlxalq elmi-mədəni əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Simpoziumda Azərbaycan heyətinin üzvləri Almatı, Taraz, Türküstan, Otrar, Esik şəhərlərində olaraq Taraz arxeoloji kompleksi, Təkturmaz etnoqrafik kompleksi, Qaraxan və Aişə Bibi türbələri, Türküstan arxeoloji kompleksi, Xoca Əhməd Yəsəvi xanəgah kompleksi, Otrar arxeoloji kompleksi və muzeyi, Aristan Baba türbəsi, Çelek kurqanlar kompleksi, Esik Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu və digər tarixi abidələri ziyarət ediblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*