İran və Oman Hörmüz boğazından keçən gəmilər üçün daimi rüsumlar sisteminin yaradılması məsələsini müzakirə edir. Bu addım boğaz vasitəsilə dəniz hərəkəti üzərində nəzarəti rəsmiləşdirmək məqsədi daşıyır.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad Parisdə agentliyə verdiyi müsahibədə Tehran və Maskat arasında strateji su yolu olan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi üçün məsləhətləşmələrin başladığını təsdiqləyib.
Səfir həm təhlükəsizliyin təmin edilməsi, həm də naviqasiyanın idarə olunması üçün resursların birləşdirilməsinin vacibliyini qeyd edib:
“İran və Oman həm təhlükəsizliyin təmin edilməsi, həm də gəmiçiliyin ən səmərəli şəkildə idarə olunması üçün bütün resursları səfərbər etməlidir”.
Diplomat beynəlxalq gəmilərdən rüsum alınmasının iqtisadi əsaslarını da diqqətə çatdırıb:
“Bu proses müəyyən xərclər tələb edəcək. Sözsüz ki, bu axından faydalanmaq istəyənlər də həmin xərclərdə öz paylarını ödəməli olacaqlar”.
Amin-Nejad həmçinin yaradılacaq rüsum sisteminin tamamilə şəffaf, ağlabatan və məntiqli prinsiplərə əsaslanacağını əlavə edib.
Qeyd edək ki, regionda yaşanan gərginlik fonunda qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının təxminən 20 faizinin reallaşdığı Hörmüz boğazında belə bir rəsmi rüsum mexanizminin tətbiqi dünya bazarında daşıma xərclərini kəskin artıra və enerji qiymətlərinə ciddi təsir göstərə bilər.\\“Qafqazinfo”
