Qərb ölkələrinin Çin iqtisadiyyatından uzaqlaşmaq cəhdləri Avropa və ABŞ-da məhsul qiymətlərinin artmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.
Politoloq və jurnalist Leonid Krutakovun sözlərinə görə, Çini dünyanın əsas istehsal mərkəzi kimi qısa müddətdə əvəz etmək mümkün deyil.
KONKRET.az xəbər verir ki, o, bu barədə Pravda.Ru-ya müsahibəsində danışıb.
Mövzu Avropada da siyasi müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib. Avropa Parlamentinin üzvü Paskal Kanfen Avropa sənayesinin maraqlarını qorumaq üçün Çinlə iqtisadi münasibətlərə yenidən baxılması istiqamətində partiyalararası konsensusun yarandığını bildirib. Politico isə avropalı parlamentarilərin Pekinə qarşı daha sərt iqtisadi tədbirləri dəstəkləməyə hazırlaşdığını yazıb.
İstehsalın başqa ölkələrə köçürülməsi çıxış yolu deyil
Krutakov hesab edir ki, Qərb şirkətlərinin istehsalı Vyetnam, Kamboca və digər Asiya ölkələrinə köçürməsi Çindən asılılığı tam aradan qaldırmayacaq.
Onun sözlərinə görə, Çin şirkətləri də istehsalın bir hissəsini əməkhaqqının daha aşağı olduğu ölkələrə keçirirlər. Nəticədə həmin ölkələrdəki müəssisələr Çin kapitalı, texnologiyası və komponentləri ilə əlaqələrini böyük ölçüdə qoruyub saxlayırlar.
“Çin ucuz işçi qüvvəsindən istifadə etməklə Qərbin istehsal texnologiyalarını mənimsədi və bu gün bir sıra sahələrdə onu qabaqlayan texnoloji gücə çevrilib. Bu amil olmadan Avropada, ABŞ-da və bütövlükdə Qərbdə mövcud həyat səviyyəsini qorumaq çətindir”, – deyə ekspert bildirib.
Təcridin əsas yükünü istehlakçı çəkə bilər
Politoloqun fikrincə, Çinlə iqtisadi əlaqələrin məhdudlaşdırılması Qərb şirkətlərini yeni təchizat zəncirləri qurmağa məcbur edəcək. Bu proses isə əlavə investisiya və vaxt tələb etdiyindən məhsulların maya dəyərini artıra bilər.
Krutakov ABŞ-da şirkətlərə Çin təchizatçıları ilə əlaqələri azaltmaq üçün göstərilən təzyiqi nümunə göstərib. Onun fikrincə, xüsusilə avtomobil sənayesində belə addımlar istehsal səmərəliliyinin azalması riskini artırır.
Ekspertin qənaətinə görə, Qərbin Çin iqtisadiyyatından sürətlə uzaqlaşması real alternativlər formalaşmadan həyata keçirilərsə, bunun iqtisadi nəticələrini ilk növbədə şirkətlər və istehlakçılar hiss edəcəklər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
