“Ermənistanın Qərb siyasəti ermənilər üçün ağrılı nəticələrə səbəb olacaq”.
KONKRET.az xəbər verir ki, bunu qazaxıstanlı politoloq Atbek Aytmatov deyib. Politoloq bildirib ki, ABŞ və Fransa Ermənistanı Qərblə Rusiya qarşıdurmasının mərkəzinə çevirməklə onları böyük təhlükə altına verir: “ABŞ-ın Azərbaycana qarşı aqressiv ritorikası və Fransanın Cənubi Qafqazdakı destruktiv hərəkətləri yalnız bir məqsədə hesablanıb. Onlar ermənilərdə əminlik yaratmaq istəyirlər ki, Azərbaycan cəzasını alacaq. Ermənistan cəmiyyətinin istədiyi də budur. Erməni siyasi elitasının şizofreniyasını nəzərə alsaq, bu, təəccüblü deyil. Mənə elə gəlir ki, Paşinyan və erməni revanşistləri bunu səhv başa düşürlər. Qərb guya Ermənistanın tərəfindədir, lakin bütün bunlar ona görə edilir ki, İrəvan öz rolunu oynamağa razı olsun, sınaq meydançası kimi çıxış etsin və ikinci Ukraynaya çevrilsin”.
Politoloqun fikirincə, Ermənistan cəmiyyəti anti-Rusiya əhval-ruhiyyəsindən bezib. “İndi Vaşinqtonla Parisin Ermənistanla bağlı böyük planları var və onların missiyası fərqlidir. Hələ ki, Ermənistan KTMT-dən çıxmaq planlarını açıqlamayıb, Rusiya bazasının çıxarılmasını tələb etmir. Amma Paşinyanın Rusiya üçün sürpriz hazırlaması aydındır. İrəvan bütün bunları eyni vaxtda və qəfildən edəcək. İrəvanla Moskva arasında qarşıdurma məhz bundan sonra kəskinləşəcək. Bunu başa düşmək üçün çox düşünmək lazım deyil, sadəcə Amerikanın təkliflər paketinə nəzər salın. Vaşinqtonun təklif etdiyi silah tədarüküdür. İrəvandakı ayıq düşüncəli siyasətçilər ABŞ-ın yaxın gələcəkdə Ermənistanı nəyə sürükləyəcəyindən sadəcə dəhşətə gəlməli idilər. Lakin revanşizm infeksiyasına yoluxan ermənilər açıq-aşkar optimist ssenariyə ümid edirlər.
İstənilən yardım gec-tez başa çatır və ölkə özündən qat-qat güclü düşmənlə baş-başa qalır. ABŞ-ın vədlərinin nə qədər aldadıcı olduğunu başa düşmək üçün ABŞ-ın təklif etdiyi bu “təhlükəsizlik yastığı”na daha yaxından baxmaq kifayətdir. Onların əksəriyyəti “humanitar blef”i təmsil edir. Hazırda Metsamor AES-i Rusiya nüvə yanacağına alternativlə təmin etmək çox avantürist bir iş kimi görünür. Amerika yanacağı texnoloji cəhətdən Ermənistanın AES-də istifadə etdiyi Rusiya yanacağı ilə uyğun gəlmir. ABŞ-ın Ermənistanda mümkün valyuta kəsirini ödəməyə hazır olması yalnız gülüş doğuran məqamdır, çünki Vaşinqton belə bir şeyə qəti şəkildə razı olmayacaq. Ermənistanı “lazımi hərbi texnika” ilə təmin etmək isə siyasi blefdir. Ukraynaya baxın, özünüz hər şeyi başa düşəcəksiniz. Bəs Ermənistanda bunu anlayan olacaqmı? Başa düşəcəklər ki, ABŞ onları siçan tələsinə salıb. Amma gec olacaq”, – deyə Aytmatov bildirib.
Vəli Həsənov,
KONKRET.az
