Azərbaycan ərazisində tapılan kimyəvi silahlar belə məhv ediləcək – QƏRARbackend

Azərbaycan ərazisində tapılan kimyəvi silahlar belə məhv ediləcək - QƏRAR

Nazirlər Kabineti Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi qaydasını təsdiq edib.

KONKRET.az xəbər verir ki, sözügedən sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”nda kimyəvi silahların məhv edilməsi zamanı riayət olunmalı tələblər, kimyəvi silahların məhv edilməsi qaydası, onların məhvedilməsi ilə bağlı məlumatın verilməsi və məhv edilməsinə nəzarətlə bağlı məsələlər tənzimlənir.

Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi qaydası

Bu Qayda “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Qanuna uyğun olaraq hazırlanıb və Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi qaydalarını müəyyən edir.

Bu Qaydanın məqsədləri kimyəvi silahın məhv edilməsinə dövlət nəzarətinin səmərəliliyinin artırılması, insanların sağlamlığının və ekoloji təhlükəsizliyin qorunmasıdır.

Kimyəvi silahın məhv edilməsi zamanı riayət olunmalı tələblər

Bu Qaydaya uyğun olaraq kimyəvi silah məhv edilərkən aşağıdakılara riayət edilməlidir:

Ətraf mühitin mühafizəsi təmin edilməli, kimyəvi silah məhv edilərkən məhv edilmə forması kimi suya salma, torpaqda basdırma və ya açıq yandırma üsullarından istifadəyə yol verilməməlidir;

Əhalinin sağlamlığı qorunmalı, kimyəvi silahın məhv edilməsində iştirak edən şəxslərin və məhv edilmə zonasının təsiri hüdudlarında olan digər şəxslərin təhlükəsizliyi təmin edilməli, məhv edilmədə iştirak edən şəxslərə zəruri qoruyucu vasitə və avadanlıqlar verilməli, həmin şəxslər təlimatlandırılmalıdırlar;

Kimyəvi silahın məhv edilməsi “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya uyğun olaraq xüsusi təchiz edilmiş, mühafizə olunan obyektlərdə həyata keçirilməlidir;

Kimyəvi silahın məhv edilməsində istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında” Qanunun tələblərinə uyğun olmalıdır;

Kimyəvi silah məhv edilərkən onların yenidən hazırlanması və istehsal imkanı istisna edilməlidir.

Məhv edilməsi nəzərdə tutulan kimyəvi silahın saxlanıldığı qurğuların, obyektlərin və ərazilərin fiziki və xüsusi texniki vasitələrlə mühafizəsi təmin edilməli, belə ərazilərə, obyektlərə buraxılış icazə əsasında həyata keçirilməlidir.

Kimyəvi silahın məhv edilməsi qaydası

Azərbaycan ərazisində aşkarlanan bütün növ kimyəvi silahlar Konvensiyada nəzərdə tutulmuş hallarda və Konvensiyaya uyğun olaraq bu Qayda ilə müəyyən edilmiş qaydada məhv edilir.

Kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə məlumat daxil olduğu andan 3 (üç) gün müddətində bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu tərəfindən Kimyəvi Silahları Məhvetmə Komissiyasına verilir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Komissiya formalaşdırılır.

Məlumat alındıqdan sonra 10 gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi ilə bağlı plan hazırlanır və onun surəti iki gün müddətində Milli İnspeksiya Qrupuna göndərilir.

Kimyəvi silahın məhv edilməsinə nəzarət

Kimyəvi silahın məhv edilməsinə nəzarət Milli İnspeksiya Qrupu tərəfindən həyata keçirilir.

Milli İnspeksiya Qrupu kimyəvi silahın məhv edilməsi ilə bağlı tələblərə riayət olunmasına nəzarət edir;

Kimyəvi silahın məhv edildiyi obyektlərin təhlükəsizliyinə dair norma və qaydalarla, habelə bu obyektlərin texnoloji təchizatı, texniki və istismar sənədləri ilə tanış olur, ehtimal olunan riskləri qiymətləndirir, çatışmazlıqların aradan qaldırılmasını tələb edir;

Kimyəvi silahın məhv edilməsi prosesinə cəlb edilməsi nəzərdə tutulmuş şəxslərin seçilməsinə, yoxlanılmasına və təlimatlandırılmasına nəzarəti həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*