Azərbaycanda ali təhsilli gənclərin məşğulluq problemi uzun illərdir aktuallığını qoruyur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu problem ölkənin ən ciddi sosial-iqtisadi məsələlərindən biri olaraq qalır.

Onun sözlərinə görə, ali təhsilli gənclərin iş tapa bilməməsi təkcə bu günün deyil, uzun illərdən bəri davam edən problemdir və zaman keçdikcə vəziyyət daha da mürəkkəbləşir:
“Təəssüf ki, yeni iş yerlərinin yaradılması sahəsində ciddi irəliləyiş müşahidə olunmur. Bu səbəbdən ali təhsilli gənclər ixtisasları üzrə işləmək əvəzinə biznes fəaliyyətinə yönəlir, yaxud xarici ölkələrdə yaşayıb işləməyi seçirlər. Xaricdə təhsil alan tələbələrin əksəriyyəti isə geri qayıtmaqda maraqlı görünmür. Bir çox azərbaycanlı gənc xaricdə təhsil aldığı müddətdə gələcəyini həmin ölkədə qurmağa çalışır. Bu tendensiya ölkədə kadr potensialının itirilməsi baxımından narahatedici haldır.
Siyasi şərhçi bildirib ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı ali təhsilli gənclər öz ixtisaslarından kənar sahələrdə çalışmaq məcburiyyətində qalırlar:
“Bu gün müxtəlif ölkələrin bazarlarında, o cümlədən Rusiyada diplomlu azərbaycanlıların satıcı, fəhlə və digər işlərdə çalışdıqlarını görürük. İxtisaslı kadrların öz peşələri üzrə fəaliyyət göstərə bilməməsi ciddi problemdir.
Dövlət bu istiqamətdə daha təsirli addımlar atmalıdır. Əmək bazarının tələbləri ilə ali təhsil sistemi arasında uyğunsuzluqlar mövcuddur.
Bəzi hallarda 150-250 balla ali məktəblərə qəbul olunan tələbələrə rast gəlirik. Aşağı nəticə ilə universitetə daxil olan gənclərin bir qismi sonradan öz ixtisasına maraq göstərmir. Təhsil sistemində keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var”.
Sonda C.Abbaslı vurğulayıb ki, ali təhsilli gənclərin məşğulluq probleminin həlli istiqamətində əsas məsuliyyət hökumətin üzərinə düşür və bu sahədə sistemli islahatların həyata keçirilməsi vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
