Azərbaycan BMT-nin 19 noyabr 2026-cı ildə Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabata əsasən rekord irəliləyiş əldə edib. Ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək reytinqin 38-ci mövqeyinə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3% artım deməkdir. Beləliklə Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.
KONKRET.az xəbər verir ki, bu barədə “APA-Economics”ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir hazırlanan EHİİ ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) olmaqla üç əsas komponent üzrə qiymətləndirir. 2026-cı il hesabatına rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər əlavə edilib.
Belə ki, Azərbaycanın BMT-nin EHİİ 2026 hesabatında hər üç əsas komponent üzrə ardıcıl irəliləyişi qeydə alınıb. Ən böyük yüksəliş Onlayn Xidmətlər İndeksindədir (OSI). Ölkəmiz bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib. Qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini qiymətləndirən beş əsas altindeksi — institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmunun təqdim edilməsi, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunmasını özündə ehtiva edir.
Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksək gəlirli ölkələrin göstəricilərini də üstələyib. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Qeyd edək ki, xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.
Beləliklə, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində əldə olunan tarixi nəticə ölkədə həyata keçirilən kompleks rəqəmsallaşma tədbirləri fonunda qeydə alınıb. Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, bu sahədə strateji və institusional çərçivənin formalaşdırılması, eləcə də dövlət qurumları arasında koordinasiyalı fəaliyyət rəqəmsal hökumətin inkişafında mühüm rol oynayıb.
Rəqəmsal transformasiyaya sistemli yanaşmanın formalaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi ardıcıl diqqət mühüm rol oynayıb. Dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, eyni zamanda Rəqəmsal İnkişaf Konsepsiyası, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” da daxil olmaqla strateji sənədlərin, eləcə də vençur maliyyələşdirilməsinin və kraudfandinq mexanizmlərinin inkişafına, İKT şirkətlərinin və startapların fəaliyyətinin stimullaşdırılmasına, güzəştlər paketinin genişləndirilməsinə və texnoparkların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəlmiş qanunvericilik aktlarının qəbulu həyata keçirilən islahatlara əlavə təkan verib.
Bu addımlar dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını, məlumat infrastrukturunun inkişafını, süni intellekt texnologiyalarının tətbiqini, kibertəhlükəsizliyin təmin edilməsini və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını əhatə edən daha kompleks yanaşmaya keçidi mümkün edib.
Bu prioritetlərin sistemli şəkildə həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya proseslərinin belə yüksək səviyyədə əlaqələndirilməsi qurumlararası əməkdaşlığın gücləndirilməsinə, qəbul edilən qərarların uzlaşdırılmasına və strateji təşəbbüslərin icrasının sürətləndirilməsinə töhfə verir. Nəticədə rəqəmsal inkişaf getdikcə daha çox konkret nəticələrin əldə edilməsinə, vətəndaşlar və biznes üçün xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş vahid dövlət siyasəti xarakteri alır.
Dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində xidmətlərin yenidən qurularaq tam rəqəmsal formata keçirilməsi və vahid platforma üzərindən təqdim olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə əsas həllərdən biri olan “mygov” müxtəlif dövlət qurumlarının xidmətlərini vahid rəqəmsal mühitdə birləşdirərək vətəndaşların onlara daha rahat və operativ çıxışını təmin edir. “Bir pəncərə” prinsipinin tətbiqi dövlət xidmətlərinin daha inteqrasiya olunmuş və proaktiv model əsasında inkişafına şərait yaradır. Bununla yanaşı, qurumlararası məlumat mübadiləsinin “digital.bridge” əsasında genişləndirilməsi, həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi ilə “Kağızsız hökumət” prinsiplərinin tətbiqi rəqəmsal hökumət ekosisteminin keyfiyyətcə təkamülündə müstəsna rol oynayıb.
Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir dərc olunan EHİİ dünya ölkələrinin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini qiymətləndirən əsas beynəlxalq meyarlardan biridir. Bu il EHİİ 194 ölkəni onlayn xidmətlərin inkişaf səviyyəsi, telekommunikasiya infrastrukturu və insan kapitalı olmaqla üç əsas komponent üzrə qiymətləndirib. Ölkələr əldə etdikləri ümumi indeks balına əsasən “aşağı”, “orta”, “yüksək” və “çox yüksək” inkişaf kateqoriyalarına bölünür. İndeksin əsas məqsədi ölkələrdə rəqəmsal dövlət idarəçiliyinin inkişaf dinamikasını izləmək, beynəlxalq müqayisələr aparmaq və bu sahədə təkmilləşdirilməli istiqamətləri müəyyənləşdirməkdir.
