Qəbul və buraxılış imtahanlarında dəyişiklik olacaq? – Ekspertdən AÇIQLAMAbackend

Qəbul və buraxılış imtahanlarında dəyişiklik olacaq? – Ekspertdən AÇIQLAMA

“ Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin sədri kimi ölkənin təhsil və qiymətləndirmə sisteminin inkişafında müstəsna xidmətləri olub. Onun rəhbərliyi dövründə imtahanların ədalətli və şəffaf təşkili, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və imtahan proseslərinin elektron formata keçirilməsi mühüm nailiyyətlər kimi dəyərləndirilməlidir.

Eyni zamanda, buraxılış və qəbul imtahanları ərəfəsində abituriyentlər, valideynlər və təhsil ictimaiyyəti ilə keçirilən görüşləri, açıq müzakirələri də xüsusi qeyd etmək lazımdır. Bu görüşlər həm ictimai şəffaflığın təmin olunması, həm də təklif və tənqidlərə açıq yanaşma baxımından əhəmiyyətli idi”

Bu fikirləri təhsil eksperti Turan Hüseynov KONKRET.az-a açıqlamasın da səsləndirib.

“DİM-də formalaşmış mövcud idarəetmə və institusional strukturun bundan sonra da davam etdirilməsi ehtimalı yüksəkdir. Çünki Məleykə Abbaszadənin kifayət qədər peşəkar komanda formalaşdırdığına inanıram və həmin komanda bu gün də Mərkəzdə fəaliyyətini davam etdirir. Bu baxımdan rəhbərlik dəyişikliyini sistemin köklü şəkildə dəyişməsi kimi qiymətləndirmək doğru olmazdı.

Xüsusilə vurğulamaq istəyirəm ki, sədr dəyişikliyini avtomatik olaraq qəbul və buraxılış imtahanlarının formatının dəyişəcəyi kimi təqdim etmək düzgün yanaşma deyil. İmtahan modellərində dəyişikliklər ayrı-ayrı şəxslərin rəhbər vəzifəyə gəlməsi ilə deyil, elmi-statistik təhlillərin, mütəxəssis və ekspert müzakirələrinin, beynəlxalq təcrübənin və ölkənin təhsil sistemində baş verən yeniliklərin nəticəsi olaraq həyata keçirilməlidir. Başqa sözlə, imtahan modeli şəxslərdən deyil, elmi və pedaqoji zərurətdən qaynaqlanmalıdır”.

Ekspert qeyd edir ki, hazırda abituriyentləri, müəllimləri və valideynləri düşündürən əsas məsələ isə imtahanlarda konkret yeniliklərin olub-olmayacağıdır.

“Mənim qənaətimə görə, cari tədris ilində qəbul və buraxılış imtahanlarının modelində ciddi dəyişiklik gözlənilmir. Çünki artıq tədris ilinin əvvəlində DİM tərəfindən imtahan proqramları və mövzuların siyahısı açıqlanıb. Bununla yanaşı, fənlər üzrə test vəsaitləri və sınaq materialları nəşr olunub. Şagirdlər, müəllimlər və hazırlıq mərkəzləri də öz fəaliyyətlərini həmin proqram və materiallar əsasında qurublar. Belə bir mərhələdə gözlənilməz və ciddi dəyişikliklərin edilməsi məqsədəuyğun olmazdı.

Gələcək illərdə mümkün dəyişikliklərə gəldikdə isə, hazırda 9, 10 və 11-ci siniflərdə təhsil alan şagirdlərin məzun olana qədər ciddi imtahan dəyişiklikləri ilə üzləşəcəyini düşünmürəm. Çünki imtahan modelində nəzərdə tutulan yeniliklərin, bir qayda olaraq, əvvəlcə 9-cu siniflərin buraxılış imtahanlarında sınaqdan keçirilməsi, nəticələrin təhlilindən sonra isə daha geniş tətbiqi daha məntiqli və məqsədəuyğun yanaşmadır.

Bu baxımdan, əgər yaxın perspektivdə imtahan modelində hər hansı yenilik nəzərdə tutulacaqsa, onun ilk növbədə növbəti tədris ilində 9-cu sinfə başlayacaq, hazırda isə 8-ci sinifdə təhsil alan şagirdlərə şamil olunması ehtimalını daha real hesab edirəm.

Ümumilikdə isə düşünürəm ki, əsas məqsədimiz imtahan sistemində sadəcə dəyişiklik etmək deyil, onun keyfiyyətini və təhsilin real nəticələrini ölçmək imkanlarını daha da artırmaq olmalıdır. İmtahanlar yalnız şagirdin nə qədər məlumat əzbərlədiyini deyil, həm də qazandığı bilikləri tətbiq etmək, təhlil aparmaq, məntiqi düşünmək və problemləri həll etmək bacarıqlarını qiymətləndirməlidir.

Bizim üçün əsas məsələ rəhbərliyin kimliyindən daha çox, formalaşmış müsbət təcrübənin qorunması, sistemin davamlı inkişafı və qiymətləndirmənin müasir təhsil tələblərinə uyğun təkmilləşdirilməsi olmalıdır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*