2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayına nisbətən isə 5,7 faiz artıb.
Avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, saftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğanın qiymətləri bahalaşıb, makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7 faiz artıb. Avqust ayında əvvəlki ayla müqayisədə divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarının qiymətləri bahalaşıb, yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi və planşet kompüterlərin qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
