“Azərbaycanda diaspor təşkilatları ilə qurulan iş və əlaqələr tam yeni səviyyəyə çatıb” – ÖZƏLbackend

“Azərbaycanda diaspor təşkilatları ilə qurulan iş və əlaqələr tam yeni səviyyəyə çatıb” - ÖZƏL

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə ciddi problemlər yaşanırdı. Siyasi-qtisadi böhran, daxili çəkişmələr, eləcə də Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət kimi mövcudluğunu sual altına qoyurdu. Belə bir dönəmdə haqq səsimizi dünyaya çatdırmaq üçün qüdrətli dövlət və güclü lobbinin yaradılması vacib idi. Məhz 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bütün bu məsələləri həll etmək üçün əməli fəaliyyətə start verdi. Öncəliklə xaricdə yaşayan və ölkəmizi təmsil edən həmvətənlərimizlə görüşlər keçirən, onları dinləyən Ümummili lider diaspor quruculuğu sahəsində ilk addımlarını atmağa başladı. Beləliklə diaspor quruculuğu məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi istiqamətində addımların atılması, 23 may 2001-ci il tarixində “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” sərəncamın imzalanması ilə nəticələndi. Təxminən beş-altı ay sonra, yəni noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Tariximizə böyük bir prosesin başlanğıcı kimi daxil olan ilk qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında»kı fərmanı ilə lobbiçiliyin mütəşəkkilləşmə dövrü başlandı. Komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan həmvətənlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi idi. Bu siyasi xətti İlham Əliyev bu gün də uğurla davam etdirir. Belə ki,   güclü diasporun formalaşdırılması, lobbiçiliyin həyata keçirilməsi məqsədi ilə ölkə başçısı İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı.

Qeyd etmək lazımdır ki, dünya azərbaycanlılarının bir araya gəlməsi, mövcud problemləri və inkişafa doğru atılacaq addımları müzakirə etməsi üçün Dünya Azərbaycanlılarının II qurultayı Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay isə 2011-ci ildə keçirilib. Cari ilin iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olub. İki gün davam edən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi apararaq, rəy və təkliflərini səsləndiriblər.  Azərbaycanda diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir səviyyəyə gəlib çatıb. Diaspor təşkilatlarının formalaşma prosesi daha da geniş vüsət alıb. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, bu gün onların sayı 500-ə yaxındır.

Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi dünyadakı diasporla sıx əlaqə qura bilib. Nəticədə müxtəlif ölkələrdə yüzlərlə cəmiyyət, assosiasiya, alyans və sair birlikləri özündə birləşdirən aktiv lobbiçilik fəaliyyəti formalaşdırılıb. Hazırda Rusiyada, Gürcistanda, Almaniyada, İsveçdə, ABŞ-da, Türkiyədə, Qazaxıstanda, Kanadada, Özbəkistanda, Niderlandda və İsveçrədə təşkilatlarımız mövcuddur. İstər lobbiçilik, istərsə də onun hərəkətverici qüvvəsi olan diasporun əsasını bütün dünyada yaşayan azərbaycanlıların milli birliyi təşkil edir. Azərbaycan hökuməti buna daim böyük önəm verir. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması bunun bariz nümunəsidir. Sevindirici haldır ki, Azərbaycanın düşmən tapdağı altında olan torpaqları işğaldan azad edildikdən sonra xaricdə yaşayan həmvətənlərimizin, diaspor təşkilatlarının nümayəndələrinin, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Qarabağa səfəri baş tutub. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfər Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında diaspor üzvlərinə tövsiyələrindən sonrakı dövrə təsadüf edib. Qarabağa səfərlərin həm Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması kimi nəcib missiyaya xidmət edəcəyi, həm də dünya ictimaiyyətinin diqqətinin bölgəyə cəlb olunmasına və xarici sərmayənin yatırılmasına ciddi təsir göstərəcəyi isə heç kimə sirr deyil.

Bir sözlə bu gün dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın maraqlarının qorunmasında, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə lazımi şəkildə çatdırılmasında xaricdəki diaspor təşkilatlarımızın qarşısında bir sıra mühüm vəzifələr durur. İnanırıq ki, vətənləri ilə bağlı olan soydaşlarımız bundan sonra da ölkəmizin təbliği istiqamətində səylə çalışacaqlar. Belə olan halda Azərbaycan dövləti də onlara daha böyük dəstək verə biləcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*