Dünən Türkiyə, Azərbaycan və Şimali Kipr Türk cümhuriyyətləri televiziyalarının ortaq yayımı ilə qardaş ölkədə baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyası keçirildi. Bu marafon Türkiyə dövlətinin və xalqının birliyini, əzəmətini və gücünü, eyni zamanda, milli burjuaziyanın ən gözəl örnəyini bir daha nümayiş etdirmiş oldu. Hazırda bu möhtəşəm həmrəylik bütün dünya gündəmini zəbt edən hadisə kimi hər kəsin müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı KONKRET.az-a fikirlərini bölüşən Azərbaycan Bütövlük Platformasının (ABP) sədri Bəhrəm İsmayılov bildirib ki, bu marafon Türkiyədə avtoritar-totalitar rejimin hökm sürdüyü barədə iddialara ən tutarlı cavab oldu:
“Bütün ağrı-acılara, sarsıntılara rəğmən, belə bir yardım marafonu çox möhtəşəm və qürurverici idi. Az qala səhər saatlarına qədər davam edən bu marafonda 115 milyard lirədən artıq (təxminən 7 milyard dollar) yardım toplandı. Daha bir önəmli məqam isə 10 milyona qədər insanın SMS vasitəsilə marafona qoşulması və dəstək verməsi idi. Türkiyə əhalisini nəzərə alsaq, bu rəqəm deməyə əsas verir ki, təxminən ölkədə yaşayan bütün ailələr bu marafona qatılmışdılar.
Dünyanın 70-80-dən artıq ölkəsində serialları yayımlanan, müsiqiləri dinlənilən, proqramlarına baxılan türk sənət adamlarının bu marafonda bir məhmətcik kimi duruş sərgiləmələri isə başqa bir mövzudur.
Kiçik uşaqların belə müxtəlif hədəflərlə topladıqları 5-10 manatlarını dövlətlərinə bəxşiş etmələri bu millətin böyüklüyünün, əxlaqının bariz göstəricisi idi.
Türkiyənin nəhəng bir dövlət olduğu, baş vermiş dəhşətli fəlakətin öhdəsindən gələcəyi dünən gecə saatlarında bütün dünyaya bir daha translyasiya olundu.
Türkiyədə toplanan yardımları ölkənin milli burjuaziyası, iş adamları, holdinq, şirkət sahibləri edirdilər və bu, bir qrup türk düşməninin güya Türkiyədə avtoritar-totalitar rejimin hökm sürməsi barədə iddialarına da tutarlı cavab oldu”.
B.İsmayılov onu da qeyd edib ki, milli burjuaziya dövlətin önəmli sütunlarından biridir və təəssüf ki, dövlətimiz bu təməldən məhrumdur:
“Azərbaycanda sahibkarlığı birbaşa məmur-oliqarxların “həyata keçirdiyini” bilməyən yoxdur. Azad rəqabətin, bazar iqtisadiyyatının mühüm digər şərtlərinin yerinə yetirilmədiyi bir dövlətdə milli burjuaziya formalaşa bilməz. Bizdə bu məsələ yüksək çinli məmurların, hətta deputatların total nəzarətindədir. Ölkədə baş alıb gedən bahalaşmanı şərtləndirən əsas amillərdən biri də budur. Təsadüfi deyil ki, artıq Milli Məclis 20 ilə yaxındır parlamentdə azad rəqabət haqda hazır qanunu qəbul etmir və ya etmək istəmir. Bütün sahibkarlıq total nəzarətdə olduğundan, şəffaf böyük paralar qazanmağın mümkünsüzlüyündən kifayət qədər varlı dövlət olan Azərbaycanın bir nəfər belə rəsmi milyonçusu yoxdur”.
Dünən yardım kampaniyasına Azərbaycandan yalnız SOCAR nümayəndələrinin qatıldığına diqqət çəkən ABP sədri bunun ürəkaçan olmadığını dilə gətirib:
“Əlbəttə, bütün Azərbaycan xalqı bu aksiyada tam səfərbər olaraq Türkiyə xalqı ilə çiyin-çiyinə durdu və vəfa borcunu çox yüksək şəkildə yerinə yetirdi. Amma dünənki marafonda Azərbaycan “sinifdə qaldı”. Çünki Azərbaycanda azad iqtisadiyyat, azad bazar, rəqabətli iş fəaliyyəti yoxdur və bu sahələr məmur-oliqarxlar tərəfindən “işğal olunub”.
Sizi əmin edirəm ki, xalqın rifah halının yüksəlməsi, Azərbaycan dövlətinin güclənməsi üçün bu “işğalın” nəticələrini ortadan qaldırmaq Qarabağı işğaldan azad etmək kimi önəmlidir. Biz Qarabağı böyük ölçüdə işğaldan azad etdik. Ümid edək ki, Azərbaycan iqtisadiyyatı da nə vaxtsa işğaldan qurtulacaq”.

“Türkiyədəki zəlzələ göstərdi ki, biz bir millət, iki dövlət deyil, əslində bir millət, bir dövlətik”, – deyən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev də bildirib ki, dövlət kimi artıq biz eyni cür düşünüb, addımlar atırıq və bir-birimizi dəstəkləyirik. Bu da çox gözəl bir haldır.
Politoloqun fikrincə, Azərbaycanda hazırda milli burjuaziya deyil, korrupsioner burjuaziya var:
“Azərbaycan kapitalizmi ötən əsrdə cəmi 7-8 il yaşadı. 1910-cu ildən 1918-ə qədər qısa bir zaman kəsiyini əhatə etdi. Amma o zaman Azərbaycanda normal milli burjuaziya formalaşa bilmişdi. Bu termin Azərbaycanın indiki şəraitinə yaraşmır. Çünki Azərbaycanda bazar iqtisadiyyatının modeli hələ tam müəyyən olunmayıb. Eyni zamanda, söhbət normal biznes yolu ilə qazanılan puldan gedirsə, Azərbaycanda milli burjuaziya yoxdur. Təəssüf ki, Azərbaycanda vəzifə sahibləri dövlət mövqeyini öz şəxsi maraqları üçün istifadə edir. Buna milli burjuaziyadan çox, “korrupsioner burjuaziya” demək olar. Bunu kimsə dana bilməz.
Ölkəyə milli burjuaziya çox lazımdır. Çünki hər bir dövlətdə milli burjuaziya həm dövlətlə cəmiyyət arasında, həm varlı-kasıb təbəqəsi arasında körpü rolu oynayır. Eyni zamanda, ölkə daxilində təşviq formasından çox özünütəqdimetmə forması var. Ola bilər insanların pulu olsun, amma onun təqdimatını çox görməmiş səviyyədə həyata keçirirlər. Onlara nə milli burjuaziya demək olur, nə onları xalqın milli adət-ənənələrini qoruyan kimi, nə də dini müstəvidə təqdim etmək olur.
Azərbaycanda həm pulu, həm də insanlığı olan adam azdır. Pulu olan insanların əksəriyyəti daha çox yekəxanalıqla, özlərini təqdimetmə ilə məşğuldurlar. Bu da milli burjuaziya deyil. Milli burjuaziya daha çox elitadan formalaşan, yəni öz xalqını sevən və xalqına kömək etməyə hazır olan səviyyəli insanlardan formalaşır. Təəssüf ki, bizdə bu yoxdur”.
Fidan Ali,
KONKRET.az
