Türkiyədə kəbin mərasimində gəlinin bəydən mehr (kəbin pulu) olaraq İtaliyada villa istəməsi müzakirələrə səbəb olub. İmam tərəfləri daha münasib şərtlərlə razılaşmağa çağırsa da, bəy gəlinin tələbini qəbul edib.
İslamda mehrin konkret meyar varmı?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, islam dininə görə, mehr nikahın şərti və xanımın haqqıdır:
“Şəriətin hökmünə əsasən, xanım yoldaşından ayrılarsa, 3 ay 10 gün müddətində ailə qura bilməz və həmin müddətdə öz maddi ehtiyaclarını qarşılamaq üçün təyin olunan mehrdən istifadə edə bilər. Mehrin miqdarının çox olmaması məqsədəuyğundur. Yəni bəy mehrin çoxluğuna görə evlilikdən yayınmamalı və mehr ailədə sevgi bağlarının üzərində hakim olmamalıdır. Allahın Rəsulu da (s) az mehrə daha çox önəm verirdi”.
R.Qarayev bildirib ki, yaşadığımız ölkənin qanunlarına əsasən, bəy mehr mövzusunda hüquqi öhdəlik daşımasa da, şəri öhdəlik daşıyır:
“Bəy nişanlı olduğu halda nikahı pozarsa, söz verdiyi mehrin yarısını, ailəli olduğu halda ayrılarsa isə hamısını ödəmək məcburiyyətindədir. Amma xanım təyin olunan mehri bəyinə hədiyyə edirsə, bu zaman şəri öhdəlik aradan qalxır. Bunun üçün də xanım haqqı olan mehrin miqdarını artıra və ya seçim edə bilər. Lakin yaxşı olar ki, az mehrə qane olsun”.
