Azərbaycanda sürücüləri maraqlandıran sual: Vəsiqələr 15 illik olacaq?backend

Azərbaycanda sürücüləri maraqlandıran sual: Vəsiqələr 15 illik olacaq?

Azərbaycanda sürücülük vəsiqələri hazırda 10 il müddətinə verilir.

Bəs gələcəkdə bu müddətin 15 ilə qədər artırılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 10 il müəyyənləşdirilməsi əsaslı və düzgün yanaşmadır.

Aslan Əsədov

Ekspertin sözlərinə görə, bunun başlıca səbəblərindən biri yaş amilidir:

“İnsan yaşlandıqca sağlamlıq vəziyyətində müxtəlif dəyişikliklər baş verə bilər. Görmə, eşitmə, reaksiya sürəti və digər fiziki göstəricilər zamanla zəifləyir. Gənc yaşlarda bu cür problemlər daha az müşahidə olunur. Məhz buna görə sürücülərin müəyyən müddətdən bir yenidən qiymətləndirilməsi vacibdir.”

Aslan Əsədov qeyd edib ki, müxtəlif yaş qruplarına aid sürücülərin nəqliyyat vasitəsini idarəetmə bacarığı arasında ciddi fərqlər mövcuddur:

“Məsələn, 25 yaşlı sürücü ilə 55 yaşlı sürücünün reaksiya sürəti, hərəkəti qavrama bacarığı və fiziki imkanları eyni olmaya bilər. Bu amillər yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərir. Buna görə də vəsiqələrin müəyyən müddətdən bir yenilənməsi sürücülərin sağlamlıq vəziyyətinin və digər vacib göstəricilərinin yoxlanılması baxımından əhəmiyyətlidir.”

Ekspertin fikrincə, sürücülük vəsiqəsinin dəyişdirilməsi prosesi yalnız sənədin yenilənməsi deyil, həm də sürücülərin məlumatlarının, sağlamlıq vəziyyətinin və kateqoriyalarının aktuallaşdırılmasına xidmət edir.

Onun sözlərinə görə, hazırkı 10 illik müddətin 15 ilə uzadılması yol hərəkəti təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir və mövcud tətbiq həm beynəlxalq təcrübəyə, həm də təhlükəsizlik tələblərinə daha uyğundur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*