Azərbaycanda Tik-Tok qadağan ediləcək? – VACİB AÇIQLAMAbackend

Azərbaycanda Tik-Tok qadağan ediləcək? - VACİB AÇIQLAMA

Son illərdə TikTok dünyanın ən populyar sosial şəbəkələrindən birinə çevrilsə də, platforma ətrafında təhlükəsizlik, məlumatların məxfiliyi və zərərli məzmunla bağlı müzakirələr səngimir. Bir sıra ölkələr bu səbəblərdən TikTok-a müxtəlif məhdudiyyətlər tətbiq edib, bəziləri isə onun fəaliyyətini tamamilə qadağan edib. Azərbaycanda da zaman-zaman platformadakı məzmunun gənclərə təsiri, etik normaların pozulması və hüquqi məsuliyyət məsələləri gündəmə gəlir.

Bəs gələcəkdə Azərbaycanda TikTok-un bağlanması və ya fəaliyyətinə ciddi məhdudiyyətlərin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən AVP sədri Akif Nağı bildirib ki, sosial şəbəkələrlə bağlı dünyanın əksər ölkələrində müəyyən məhdudiyyətlər tətbiq olunur və bu istiqamətdə müzakirələr davam edir.

Akif Nağı müğənni Samirə Əfəndini SÖYDÜ - VİDEO | Modern.az

“Bir neçə ay əvvəl TikTok-da vəziyyət kifayət qədər narahatedici idi. Əxlaqa zidd görüntülər, uyğun olmayan təkliflər geniş şəkildə paylaşılır və istifadəçilərin qarşısına çıxırdı. Lakin son aylarda bu halların demək olar ki, minimum səviyyəyə endiyini müşahidə edirik. Bu da göstərir ki, müəyyən tədbirlər həyata keçirilib və nəticə verib”.

Akif Nağı qeyd edib ki, Azərbaycanda təhqir və digər qanunsuz hərəkətlərlə bağlı qəbul edilən qanunvericilik dəyişiklikləri də sosial şəbəkələrdə məsuliyyətin artırılmasına xidmət edir:

“Azad söz o demək deyil ki, insanlar istədikləri hər şeyi danışa bilərlər. Azadlıq qanun çərçivəsində hərəkət etmək, başqalarının mənəvi dəyərlərinə və hüquqlarına hörmətlə yanaşmaqdır.

TikTok-la bağlı yaş məhdudiyyətlərinin tətbiqi və müəyyən mövzular üzrə əlavə nəzarət mexanizmlərinin yaradılması normal yanaşmadır və beynəlxalq praktikada da geniş istifadə olunur”

O, həmçinin vurğulayıb ki, sosial şəbəkələrdə ixtisası olmayan şəxslərin müxtəlif sahələr üzrə yanlış məlumatlar yayması da problemlərdən biridir:

“İstənilən şəxs tarixdən, siyasətdən və ya başqa sahələrdən danışaraq özünü mütəxəssis kimi təqdim edir. Bu məsələ də müəyyən qaydalar çərçivəsində tənzimlənməlidir.

Platformanın tam şəkildə bağlanması müsbət nəticə verməyəcək. İnsanlar alternativ yollar taparaq həmin resurslardan yenə istifadə edəcəklər. Daha effektiv yol hüquqi mexanizmlərin gücləndirilməsi və zərərli məzmunlara qarşı mübarizənin davam etdirilməsidir”.

Beləliklə, ekspertin qənaətinə görə, Azərbaycanda TikTok-un tam qadağan olunmasından daha çox, platformanın fəaliyyətinin müəyyən qaydalar və məhdudiyyətlər çərçivəsində tənzimlənməsi ehtimalı daha yüksəkdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*