“Azərbaycanda yoxsulluq və işsizlik minimuma endirilib, Avropada, Amerikada vəziyyət çox ağırdır” – Millət vəkilibackend

"Azərbaycanda yoxsulluq və işsizlik minimuma endirilib, Avropada, Amerikada vəziyyət çox ağırdır" - Millət vəkili

“Təxminən 2000-ci illərin əvvələrində ölkədə işsizlik səviyyəsi 50 faizə bərabər idi, lakin şükürlər olsun ki, məşğulluq, vətəndaşların sosial rifahı və s. bu kimi sahələrdə görülən işlər nəticəsində işsizlik faizi ötən 18 ildə 6 faizə enib. Yəni, uğurlu siyasətin nəticəsidir ki, ölkədə yoxsulluq və işsizlik həddi minimuma çatdırılıb. Əlbəttə ki, bu göstəricilər yalnız dövlətlərin birbaşa özləri tərəfindən təqdim edilmir. Nəzərə almaq lazımdır ki, ölkədə işsizlik və yoxsulluq həddi BMT-nin müvafiq qurumlarının ekspertizası nəticəsində müəyyən edilir. Yəni, Azərbaycanın verdiyi rəqəmlərin doğruluğu beynəlxalq qurumlar tərəfindən təsdiqlənməzsə, qəbul edilmir. Sosial şəbəkələrdə bu göstəricinin doğru olmadığı barədə fikirlər, müəyyən tənqidlər yazıla bilər, amma belə deyil. Sadəcə olaraq, vətəndaş özü və ya yaxını işsiz olduqda düşünür ki, ölkədə kütləvi işsizlikdir”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu gün Qarabağa qayıdış prosesi ilə bağlı böyük işlər görülür, beynəlxalq mətbuatda cəmi 8-9 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının inşasını möcüzə adlandırırlar: “Təkcə Qarabağda minlərlə vətəndaş işləyir. Təsəvvür edin, normalda adi bir binanın tikintisində ən azı 100 nəfər işləyir. Yəni, ölkənin 20 faizinin yenidən qurulması üçün xeyli sayda insanın əməyinə ehtiyac var. Həmin insanlar Afrikadan və yaxud da başqa yerlərdən gətirilməyib ki, onlar öz vətəndaşlarımız, öz bacı, qardaşlarımızdır. Lakin, sözsüz ki, ölkədə xüsusilə son 2 il ərzində COVID-19 pandemiyası ilə əlaqədar olaraq işsizliklə bağlı müəyyən problemləri yaşanır. Təkcə Azərbaycan deyil, dünyanın əksər ölkələr, hətta inkişaf etmiş dövlətlər belə pandemiyanın ağır fəsadları ilə üz-üzə qalıblar. Bu gün Avropanın, Amerikanın, hətta İngiltərənin supermarketlərində piştaxtalar bomboşdur. Yəni, vəziyyət çox ağırdır. Pandemiya, doğrudan da, bəşəriyyət üçün bütün məsələlərdə böyük təhlükədir. Azərbaycan da dünyanın bir parçası olduğu üçün pandemiya ilə əlaqədar bir sıra iş yerlərində məhdudiyyətlər tətbiq edilib. İnsanlar sunami qarşısında necə acizdirlərsə, pandemiya qarşısında da ən az o qədər acizdirlər. Ötən iki il ərzində dünyada, eləcə də Azərbaycanda pandemiyanın ağır nəticələri ilə qarşılaşmışıq. Amma, əlbəttə ki, bu, daimi deyil. Əsas odur ki, Azərbaycanda, demək olar ki, pandemiya dövründən əvvəlki vəziyyəti bərpa edə bilirik. Yeri gəlmişkən, ölkəmiz dünyada koronavirus pandemiyasından ən az zərər görən ölkələrdəndir”.

M.İbrahimqızı qeyd edib ki, ölkədə işsizliklə bağlı bir sıra problemlərin, müəyyən faiz yoxsulluğun olduğu doğrudur, amma bu, kütləvi işsizliyin olması mənasını vermir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan ötən iki il ərzində planlaşdırılmadan gələn pandemiya və Vətən müharibəsi ilə üz-üzə qalıb. Sosial şəbəkələrdə işsizliklə bağlı qeyd olunan narazılıqların hər birinin dəqiq olduğunu demək olmaz, çünki işsizlik problemlərinin olmasına baxmayaraq, kütləvi işsizlik yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*