Rusiyada davam edən müharibə şəraiti, pilotsuz uçuş aparatlarının hücumları, hava limanlarında yaranan fasilələr və əcnəbilərlə bağlı nəzarət tədbirlərinin sərtləşməsi təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Bir sıra dövlətlər artıq öz vətəndaşlarına Rusiyanı tərk etməyi və ya bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib. Bəs mövcud risklər fonunda Azərbaycan da Rusiyada yaşayan və ya səfərdə olan vətəndaşlarına oxşar xəbərdarlıq etməlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı hesab edir ki, Azərbaycan dövləti də məsələni ciddi şəkildə qiymətləndirməli və vətəndaşlarını mümkün risklərlə bağlı xəbərdar etməlidir.

Onun sözlərinə görə, hazırda həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə baş verən hadisələr təhlükəsizlik risklərini artırır:
“Bu, tamamilə təbii və vacib məsələdir. Bir çox ölkələr belə hallarda çox diqqətli davranırlar. Məsələn, İran ətrafında yaranmış gərginlik zamanı bir sıra Avropa dövlətləri səfirliklərinin fəaliyyətini məhdudlaşdırdı və diplomatlarını geri çağırdı. Hazırda həm İran-ABŞ-İsrail qarşıdurması, həm də Rusiya-Ukrayna müharibəsi davam edir. Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif bölgələrinə çata bilir. Artıq Rusiyada tam təhlükəsiz hesab edilə biləcək ərazi yoxdur.”
Akif Nağı bildirib ki, son dövrlər hava limanlarında yaranan problemlər və uçuş təhlükəsizliyi ilə bağlı risklər də narahatlıq doğurur:
“Bu səbəbdən hesab edirəm ki, Azərbaycan dövləti vətəndaşlarını xəbərdar etməli, onları mövcud təhlükələr barədə məlumatlandırmalıdır.
Hazırda orada ciddi yoxlamalar keçirilir. İnsanlar müxtəlif bəhanələrlə saxlanıla, şübhəli şəxs qismində dindirilə, hətta hərbi strukturlara yönləndirilə bilərlər. Bundan başqa, son dövrlər kifayət qədər Azərbaycan vətəndaşı əsaslı səbəb göstərilmədən deportasiya olunub.
Rusiya ilə münasibətlərin normallaşması müsbət haldır. Ancaq bu, vəziyyətin tam sabit olduğu demək deyil. Rusiyanın mövqeyi dəyişkəndir və gözlənilmədən yeni problemlər yarana bilər. Xüsusilə müharibə şəraitində olan ölkələrə səfərlər maksimum dərəcədə məhdudlaşdırılmalıdır.”
Siyasi şərhçinin fikrincə, mövcud geosiyasi vəziyyət nəzərə alınaraq Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri ilə bağlı ehtiyatlı davranmaları və rəsmi qurumların təhlükəsizlik tövsiyələrinə əməl etmələri vacibdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
