Azərbaycanda orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların siyahısı açıqlanıb. Reytinqdə ilk pillədə Xankəndi qərarlaşıb. Daşkəsən ikinci, Bakı isə 1 479,4 manat orta aylıq əməkhaqqı ilə üçüncü yerdə yer alıb. Paytaxtın iki şəhər və rayondan geri qalması diqqət çəkib.
Bakının siyahıda üçüncü yerdə qərarlaşması nə ilə bağlıdır? Paytaxtda orta əməkhaqqı niyə Xankəndi və Daşkəsəndən geri qalır? Bu rəqəmlər ölkədə real maaş mənzərəsini əks etdirirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ümumilikdə, Bakıda əhalinin yaşayış səviyyəsi regionlarla müqayisədə daha yüksəkdir:
“Bu fərqi həmişə tənqid edirik. Fərq o qədər böyükdür ki, sanki eyni ölkə daxilində iki ayrı yaşayış standartı formalaşıb. Hətta eyni özəl təşkilatın, məsələn, bankın Bakı və rayon filiallarında çalışan əməkdaşlarına fərqli əməkhaqqı verilir. Sanki biri Afrika, digəri Avropa ölkəsidir. Gəlirlər, yaşayış səviyyəsi və həyat tərzi arasında ciddi fərq var. Bakı sakinləri regionlara gedəndə iqtisadi üstünlükləri, region sakinləri isə paytaxta gələndə iqtisadi gerilikləri dərhal hiss olunur. Təbii ki, hər iki tərəfdə istisnalar var, lakin orta göstəricilər arasında böyük fərq mövcuddur”.
İqtisadçı bildirib ki, Xankəndi bu baxımdan fərqli vəziyyətdədir:
“Orada çalışan və əməkhaqqı alan şəxslərin vəziyyəti digər regionlarla müqayisədə fərqlənir. Belə ki, ərazidə işləməyə gedənləri cəlb etmək üçün onlara daha yüksək əməkhaqqı təklif olunur. Xankəndi uzun müddət boşalmış ərazi olduğundan insanların ora köçməsi və işləməsi üçün əlavə iqtisadi stimullar yaradılır. Məsələn, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində əməkhaqları Bakıdakı müvafiq göstəricilərdən daha yüksəkdir. Bu, dövlətin həyata keçirdiyi siyasətin nəticəsidir, yerli bazarın öz-özünə formalaşdırdığı vəziyyət deyil. Lakin əməkhaqlarının bu şəkildə süni artırılması ümumilikdə cəmiyyətin əksəriyyətinin maraqlarına uyğun olmaya bilər. Çünki bu vəsaitlər təkbaşına yaranmır, başqa mənbələr hesabına təmin edilir. Sanki həmin ərazidə xüsusi iqtisadi şərait yaradılaraq süni şəkildə daha yüksək gəlir mühiti formalaşdırılır. Bunun müəyyən məqsədləri var və həmin məqsədlər belə yanaşmanı əsaslandırır”.
Ekspert qeyd edib ki, Daşkəsəndə isə söhbət yalnız əməkhaqqı göstəricisindən gedir:
“Bu göstərici əhalinin ümumi sosial-iqtisadi vəziyyətini tam əks etdirmir. Çünki rayonda işsizlik problemi var. Əhalinin bir hissəsi öz təsərrüfatında çalışır, bəziləri fermer fəaliyyəti ilə məşğuldur. Bu insanların gəlirləri əməkhaqqı statistikasında əks olunmur. Digər tərəfdən, Daşkəsəndə dağ-mədən sənayesi fəaliyyət göstərir və bu sahədə çalışanların sayı məhduddur. Dağ-mədən sənayesində əməkhaqları, adətən, yüksək olur. Ehtimal ki, işçilərin sayının az, əməkhaqlarının isə yüksək olması Daşkəsən üzrə orta əməkhaqqı göstəricisinin artmasına səbəb olub. Halbuki ora əhalinin ümumi yaşayış səviyyəsinə görə Azərbaycanın bir çox rayonlarından, hətta ətraf rayonlardan da geri qalır. Məsələn, Gəncə, Şəmkir, Göygöl və Tərtərlə müqayisədə Daşkəsəndə əhalinin maddi vəziyyəti daha aşağıdır. Yəni yüksək statistik əməkhaqqı göstəricisi rayon əhalisinin ümumi rifah səviyyəsinin yüksək olması demək deyil. Üstəlik, dağ-mədən sənayesində çalışanların bir hissəsi də Bakıdan və digər ərazilərdən gedərək orada işləyən şəxslərdir”.
Qeyd edək ki, orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu ilk 10 şəhər və rayon belədir:
Xankəndi şəhəri – 1 658,8 manat
Daşkəsən rayonu – 1 543,6 manat
Bakı şəhəri – 1 479,4 manat
Şuşa rayonu – 1 144,7 manat
Xocalı rayonu – 1 138,8 manat
Zəngilan rayonu – 1 089,8 manat
Gədəbəy rayonu – 1 023 manat
Sumqayıt şəhəri – 981,6 manat
Naxçıvan şəhəri – 953,9 manat
Şirvan şəhəri – 953 manat.
