Azərbaycanın uğurlarına “kor” olanların “dil açması” – MÖVQEbackend

Azərbaycanın uğurlarına “kor” olanların “dil açması” – MÖVQE

İstənilən sahədə diletantlıq çox pis çəhətdir. Bu, xüsusilə də peşəkar siyasətçi olmayıb, amma siyasət barədə diletant tərzdə fikir yürütməyə çalışanlara aiddir.

Çox uzağa getməyək, 2020-ci ilən bəri baş verənlərə nəzər salaq: Azərbaycan dövləti beynəlxalq qanunlara uyğun olaraq öz torpaqlarını erməni işğalından azad etməyə, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə nail oldu.

Nəhayət, aprelin 18-dən etibarən Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başlaması və Ermənistanın rəsmi olaraq Azərbaycanın işğalda qalmış kəndlərini qaytarmağa razılaşması bütün xalqımızı sevindirən tarixi hadisəyə çevrildi.

Bu gün isə hər iki ölkənin ekspert qrupları Azərbaycanla Ermənistan arasında sərhəddəki yerlərdə aparılan geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Bəs son 4 il ərzində vaxtilə “İlham Əliyev bir millimeter torpağı da qaytara bilməyəcək”, “Ura, neft 14 dollara düşdü” deyən diletantlar nə edirdilər? Heç nə! Əlacı olsa, bizi qan içində boğacaq Ermənistanın baş nazirinə “demokrat” geyimi ölçüb-biçirdilər.

Biri deyirdi ki, “Nə oldu, İlham Əliyev, niyə Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə getmirsən?!”. Digəri uzaq Amerikadan səslənirdi ki, “əgər Rusiya sülhməramlıları Qarabağı tərk edərsə, mən İlham Əliyevə bravo deyəcəyəm, onu Müzəffər Ali Baş Komandan adlandıracağam”, digəri qulağını kəsirdi, başqası Londonun küçələrini dolaşa-dolaşa nəyisə göstərməyə çalışırdı. Hələ ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsini tələb edənlər də tapılırdı. Diqqət edin, bu adamların biri də indiyədək ölkəmizin əsas məsələsi olan Qarabağla bağlı bir dəfə olsun belə beynəlxaq tribunalardan etiraz səslərini qaldırmayıblar. Yalnız ermənipərəst konqresmenlərin və ya ermənilərin ölkəmiz, dövlətimizin başçısı haqqımızda söylədikləri yolverilməz ifadələrdən vəcdə gəliblər.

Halbuki, onların qarşısında Ramiz Yunus nümunəsi var. Vaxtilə AXC-Müsavat hakimiyyətində yüksək vəzifə tutmuş, hazırda ABŞ-də yaşayan Ramiz Yunus hakimiyyətlə bağlı bütün narazılıqlarına baxmayaraq, 2020-ci il 27 sentyabrdan başlayaraq yalnız Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaqda davam edir, əsl vətəndaş mövqeyi sərgiləyir. Çünki ABŞ isteblişmentinin iç üzünü yaxşı tanıyır, maraqlarının nədən ibarət olduğunu, insan haqlarının onlar üçün bəhanə olduğunu yaxşı anlayır. Bilir ki, ölkəmizə xarici basqının və təzyiqlərin qarşısında davam gətirən, müstəqil dövlətimizin maraqlarını və mənafelərini heç kimə satmayacaq qədər qətiyyətli, dünyada cərəyan edən mürəkkəb proseslərdən öz ölkəsinin xeyri üçün istifadə etməyi bacaran əsl Lider rəhbərlik edir. 1988-ci ildən bəri biz belə liderin həsrətində olmamışdıqmı?!

Odur ki, “tutaq ki, Rusiya sülhməramlılarının çıxarılması İlham Əliyevin xidmətidir. Qəbul edək bunu. Onda necə olur ki, 7 fevralda – prezident seçkilərində İlham Əliyev bunu sizə demirdi? Bu, axı möhtəşəm bir xəbərdir. Bəlkə müxalifət elə fikrini dəyişəcəkdi, gedib səs verəcəkdi” kimi diletant fikrə təəccüblənmirsən. Görün, Azərbaycanın dövlət başçısı öz misilsiz siyasəti ilə belə diletantlara yerini necə göstəribsə, onların sayıqlamaqdan başqa əlacları qalmayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*