Azərbaycanlı məşhurlar bədən üzvlərini sığorta etdirirmi? – AÇIQLAMAbackend

Azərbaycanlı məşhurlar bədən üzvlərini sığorta etdirirmi? - AÇIQLAMA

Gündəlik həyatda hər birimiz zərər və ya itkilərlə qarşılaşa bilərik. Yəni bir günün, hətta bir dəqiqənin içində hansı xata ilə üzləşəcəyimiz bəlli deyil. Təkcə o məlumdur ki, əmlakımıza və ya həyatımıza dəyən zərəri ən yaxşı halda sığorta ilə minimallaşdırmağımız mümkündür.

Sirr deyil ki, hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində sığorta şirkətləri vətəndaşların həyat risklərinin ən etibarlı təminatçısıdır. O dərəcədə ki, bir çox dünya ulduzları hətta ayrı-ayrı bədən üzvlərini belə sığortalamaqda maraqlıdırlar. Müğənnilərin səslərini, rəssam və pianoçuların barmaqlarını, idmançıların saçlarını və ayaqlarını, nə qədər qəribə səslənsə də, qadın ünlülərin hətta sinə və arxa hissələrini belə sığorta etdirdikləri barədə məlumatlara tez-tez rast gəlirik. Maraqlıdır ki, insanın həyat sığortası ilə həyatını və sağlamlığını qarant altına ala bildiyi halda, orqanlarını ayrılıqda sığortalaması təcrübədə nəyə əsaslanır?

KONKRET.az-ın sualına cavab olaraq “Paşa Həyat Sığorta” ASC-nin departament rəhbəri Bəhruz Hacıyev bildirib ki, hər hansı bədən üzvünün sığortası ilə bağlı bizim həyat sığortası qanunvericiliyimizdə heç bir müddəa yoxdur:

“Qanunvericilikdə həyat sığortasının ölüm, əmək qabiliyyətinin itirilməsi və sağalmaz xəstəliklərlə bağlı təminat verə biləcəyi öz əksini tapıb. Hansısa bir bədən üzvünün itirilməsi sığorta hadisəsi hesab oluna bilər. Amma həyat sığortasında hər hansı bir orqanın sığortalanması məsələsi yoxdur. Əslində yaxşı təklifdir. Sadəcə indiyə qədər müştərilərimiz tərəfindən bizə belə müraciət olunmadığından bununla bağlı təklif vermək barədə düşünməmişik. Ancaq müraciətlər olduğu təqdirdə bu məsələyə baxmaq olar. Bunun üçün də ayrıca qanunvericilik hazırlanmalı və hansı halda ödəniş olunub-olunmadığı haqda dəqiq göstərişlər müəyyən edilməlidir. Digər tərəfdən əgər ölkəmizdə belə bir sığortalanma olsa, ona maraq az olar. Çünki sığorta haqqı çox baha başa gələ bilər. Amma indiki halda ölkəmizdə bu, aktual deyil”.

O ki qaldı azərbaycanlı məşhurların bunda nə dərəcədə maraqlı olması məsələsinə, B.Hacıyev bildirib ki, “dediyim kimi, bu barədə tələb yoxdur. Əgər tələb olarsa, sığorta şirkətləri də təklif verə bilərlər. Bir də ki, belə bir sığortanın xərci on minlərlə manat olacağını düşünürəm”.

Dünya təcrübəsinə gəlincə, şirkət rəsmisi qeyd edib ki, bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutula bilər:

“Bəzi ölkələrdə bununla bağlı hallar var və düşünürəm ki, bədən üzvlərinin sığortalanması halı əslində reklama hesablanmış addımdır. Fikrimcə, dünya ünlülərinin öz orqanlarını sığortalaması reklam xarakteri daşıyan hallardır. Dünya ölkələrində bu, daha iri məbləğlər hesabına həyata keçirilir və əsasən sığorta şirkətlərinin reklamları üçün ortaya atılır. Misal üçün, siz məşhur müğənni Cenifer Lopezi qeyd etdiniz. Onun bədən üzvünün sığortasını şirkət öz hesabına təmin edib. Ancaq həmin orqanın hansı halda sığorta ödənişi alması üçün əsaslar qeyd olunmayıb. Burdan da görünür ki, əsas məqsəd reklamdır.

Və yaxud hansısa ulduz futbolçu ayağını sığortalayıb. Həmin ölkənin qanunvericiliyinə əsasən, sığorta şirkəti o futbolçunun ayağını sığortalayıb. Bizdə isə sadəcə ayağın sığortalanması mümkün deyil, ancaq futbolçu aldığı zədə nəticəsində ayağını itirərsə və əlillik alarsa, o halda ödəniş verilir”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*