Reallıq ondan ibarətdir ki, Minsk Qrupundan imtina etmək hazırkı dövrdə qəliz məsələdir. Nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan-Ermənistanın üçlü Bəyanat imzalaması münaqişənin tam mənasında həll olunması demək deyil. Lokal müharibə faktiki olaraq bitsə də, münaqişənin siyasi sferası hələ də davam edir.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtina etməsi haqda səslənən fikirlər haqda danışarkən deyib.
Politoloqun sözlərinə görə, münaqişənin yekun siyasi həlli ATƏT çərçivəsində olmalıdır:
“ATƏT də öz növbəsində bunu Minsk Qrupuna həvalə edib. Əgər Minsk Qrupu istənilən nəticəni vermirsə, bu, məncə, qurumdan çox, həmsədr ölkənin günahıdır. Yəni həmsədr ölkələrin dəyişdirilməsi üçün ATƏT-ə müraciət etmək lazımdır.
Xüsusilə Fransanın həmin formatda iştirakı artıq mümkünsüzdür. Fransa birmənalı olaraq tərəfsizliyini pozdu. Yəni belə bir reallıqda onun həmsədr olması doğru deyil. Hazırda əldə edilən razılaşmada Türkiyənin səyləri daha konstruktivdir. Bu mənada Fransanın alternativi olaraq Türkiyənin yeni həmsədr olması daha məqbuldur. Bundan əlavə, Pakistan, İndoneziya, Sinqapur kimi neytral müsəlman ölkələrini də həmsədr olaraq təklif etmək olar”.
