Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? – ADY AÇIQLADIbackend

Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? - ADY AÇIQLADI

Bakı–Xırdalan–Sumqayıt istiqamətində fəaliyyət göstərən və 45 dəqiqəyə mənzil başına çatan sürət qatarının hərəkəti bir müddət əvvəl dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra marşrutun yenidən istifadəyə veriləcəyi bildirilsə də, indiyədək qatarların hərəkəti bərpa edilməyib.

Bəs sərnişinlərin maraqla gözlədiyi bu dəmiryol xətti nə vaxt yenidən fəaliyyətə başlayacaq?

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusunu cavablandıran “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda Xırdalan–Sumqayıt sahəsində yol infrastrukturuna baxış keçirilir.

Qurumun məlumatına görə, eyni zamanda bu istiqamətdə istismara veriləcək yeni reyslərdə istifadə olunacaq hərəkət tərkiblərinin təmir işləri də davam etdirilir.

“Bütün bu işlər başa çatdıqdan sonra qeyd olunan istiqamətdə sərnişin daşımaları bərpa ediləcək”, – deyə ADY-dən vurğulanıb.

Bununla belə, qurum marşrutun konkret hansı tarixdə yenidən istifadəyə veriləcəyini açıqlamayıb. Hazırda bərpa ilə bağlı dəqiq vaxt müəyyən edilməyib. ADY-də aparılan infrastruktur və hərəkət tərkiblərinin təmiri yekunlaşdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yenidən təmin olunacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*