Bakıda əhali sayının sürətlə artması, plansız tikinti, nəqliyyat sıxlığı və kommunal xidmətlərə düşən yük paytaxtın infrastruktur problemlərini daha da dərinləşdirir. Xüsusilə kanalizasiya, içməli su, elektrik enerjisi və yol infrastrukturu ilə bağlı çatışmazlıqlar şəhərin müxtəlif ərazilərində ciddi narahatlıq doğurur.
Mövcud vəziyyət fonunda əsas suallardan biri budur: Bakının illərdir davam edən kommunal və infrastruktur problemlərini köklü şəkildə həll etmək mümkündürmü? Bunun üçün nə qədər vaxt və maliyyə vəsaiti tələb olunur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda Bakı şəhərində infrastruktur problemləri kifayət qədər mürəkkəb mərhələyə çatıb.
Ekspertin sözlərinə görə, uzun illər ərzində həyata keçirilən plansız tikinti və şəhərsalma siyasəti paytaxtın mövcud infrastrukturunun yenilənməsini və bərpasını çətinləşdirib:
“Bu gün Bakının yenidən qurulması üçün çox böyük vəsait tələb olunur. Kommunal infrastrukturun tam formalaşdırılması üçün bir sıra ərazilərdə söküntü işlərinin aparılması və sistemlərin yenidən qurulması zəruridir. Kanalizasiya, elektrik enerjisi və içməli su təminatı ilə bağlı mövcud kommunikasiyaların bir hissəsinin tamamilə yenilənməsinə ehtiyac var.
Eyni zamanda, gələcək illər üçün strateji planlar hazırlanmalıdır. Əhalinin artımı, yaşayış məntəqələrinin yerləşməsi, yeni tikililərin inşası və şəhərin inkişaf istiqamətləri ciddi şəkildə nəzərə alınmalıdır. Təəssüf ki, bu məsələlərə vaxtında lazımi səviyyədə diqqət yetirilməyib”.
R.Abbasbəyli hesab edir ki, plansız tikinti və idarəetmədəki problemlər Bakının infrastruktur baxımından həddindən artıq yüklənməsinə səbəb olub:
“Həm korrupsiya, həm də məmurların özbaşınalığı Bakının xaotik tikinti poliqonuna çevrilməsinə gətirib çıxarıb. Yol infrastrukturunun qurulması da uzun illər ərzində vahid və sistemli şəkildə həyata keçirilməyib. Xüsusilə Bakıətrafı yaşayış məntəqələrinin şəhər mərkəzi ilə əlaqələndirilməsi məsələsinə lazımi diqqət göstərilməyib.
Bu gün Bakının ən böyük problemlərindən biri məhz mərkəzə giriş istiqamətlərində yaranan uzunmüddətli tıxaclardır. Bakıətrafı ərazilərdən şəhər mərkəzinə daxil olan yollarda ötürücü yol qovşaqlarının kifayət qədər olmaması, körpü və tunellərin əhali artımı nəzərə alınmadan inşa edilməsi nəqliyyat problemini daha da ağırlaşdırır”.
İqtisadçı problemin aradan qaldırılması üçün uzunmüddətli və böyükmiqyaslı layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb:
“Bu problemlərin azaldılması üçün kompleks layihələr həyata keçirilməlidir. Vaxtilə universitetlərin və bəzi nazirliklərin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı təkliflər səsləndirilib. Lakin mərkəzi boşaltmaq istəyiriksə, ilk növbədə şəhər ətrafında məskunlaşma üçün əlverişli şərait yaradılmalıdır.
Bu gün Bakıətrafı yaşayış məntəqələrində problemlər daha ciddi xarakter daşıyır. Qanunsuz tikililərin sayının çox olması, kommunal və kommunikasiya sistemlərinin xaotik şəkildə formalaşması nəticə etibarilə şəhərin getdikcə daha az yaşanıqlı hala gəlməsinə səbəb olur”.
R.Abbasbəyli bildirib ki, bir sıra ölkələrdə paytaxtların inkişafında həddindən artıq mərkəzləşmənin qarşısının alınmasına, yeni yaşayış və biznes mərkəzlərinin şəhər kənarında formalaşdırılmasına üstünlük verilir:
“Əksər dövlətlərdə paytaxtların həddindən artıq mərkəzləşməsinin qarşısının alınmasına çalışılır. Şəhərin tam mərkəzində saysız-hesabsız göydələnlərin inşası əvəzinə, yeni biznes və yaşayış mərkəzlərinin şəhər kənarında yaradılmasına üstünlük verilir.
Bakıda isə xüsusilə Nəsimi, Yasamal və Səbail rayonlarında yaşayış binalarının intensiv şəkildə inşa edildiyini görürük. Bu da şəhərin həddindən artıq yüklənməsinə, mövcud infrastrukturun sıradan çıxmasına, əhali sıxlığının artmasına və nəticədə tıxac probleminin dərinləşməsinə gətirib çıxarır”.
Ekspertin fikrincə, Bakının kommunal və nəqliyyat problemlərinin köklü şəkildə həlli üçün milyardlarla manat vəsait tələb oluna bilər. Bununla yanaşı, bir sıra ərazilərdə söküntü işlərinin aparılması, kommunal infrastrukturun yenidən qurulması, yeni yol qovşaqları, körpülər və tunellərin inşası zəruridir.
“Bu problemlərin həlli üçün böyük maliyyə resursları tələb olunur. Kommunal infrastrukturun müəyyən hissəsinin sıfırdan qurulması, yol qovşaqlarının, körpülərin və tunellərin yenidən inşa edilməsi lazımdır. Lakin bütün bunların yaxın gələcəkdə tam şəkildə həyata keçirilməsi real görünmür”, – deyə Razi Abbasbəyli bildirib.
Aynurə İsmayıl
KONKRET.az
