Bakının Moskvaya sualları artıb – Xankəndiyə qayıdış uzun illər almayacaq!backend

Bakının Moskvaya sualları artıb - Xankəndiyə qayıdış uzun illər almayacaq! - POLİTOLOQ

İşğalçılara verilən əsas dərs, dəfn edilən “miatsum” xülyası; rusiyalı tarixçi: “Rusiya Azərbaycanın öz ərazilərini tam qaytarmasına əngəl ola bilməyəcək, Qarabağdakı ermənilər isə…”

Bu gün mədəniyyət beşiyimiz Şuşanın (yazı hazırlanarkən Şuşa rəsmən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi) erməni işğalından azad edilməsindən 6 ay ötür. Vətən müharibəsinin taleyini xeyrimizə həll edən bu möhtəşəm hərbi uğuru xalqımız heç vaxt unutmayacaq. Elə ermənilər də. Ona görə ki Şuşanın azadlığı ilə erməni faşizmi ölümcül zərbə aldı, “miatsum” ideyası dəfn edildi. Ermənilərin yaratdıqları “məğlubedilməz ordu” mifi, haqq etmədikləri qürurları, göylə gedən ədaları darmadağın edildi.

Doğrudur, keçmiş DQMV-nin müəyyən hissəsi hələ bizim nəzarətimizdə deyil. Lakin bu yalnızca zaman və səbir məsələsidir. Böyük ehtimalla, Rusiya xarici işlər naziri Sergey Lavrovun gələn həftə Bakıya gözlənilən səfəri çərçivəsində bu yöndə müzakirələr daha dolğun xarakter alacaq, o sırada Rusiya sülhməramlılarının nəzarət zonasındakı silahlı ermənilərin ərazimizdən çıxarılması məsələsi daha ciddi şəkildə masaya yatırılacaq – hansı ki, 10 noyabr üçtərəfli sazişin 4-cü bəndində öz əksini tapıb.

Faktdır ki, Bakının Moskvaya iradları ötən 6 ayda artıb. Onlara vaxtında və qaneedici aydınlıq gətirilməzsə, iki ölkə arasında etimad atmosferi geridönməz şəkildə zədələnə də bilər. Bu barədə Rusiyadakı ekspert dairələri də etiraf və xəbərdarlıq edirlər. Söhbət təkcə 10 noyabr anlaşmasının bəzi bəndlərinin hələ də reallaşmamış qalmasından deyil, həmçinin Şuşa yaxınlığında qalıqları tapılan “İsgəndər M” uzaq mənzilli operativ-taktiki raketlərinin haradan atılması ilə bağlı Bakının rəsmi sorğusunun cavabsız qalmasından, habelə Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçıbaşı-quldur Araik Arutunyanın Moskvaya səfər edərək orada rahatca görüşlər keçirməsindən, Kremlə yaxın bir sıra xadimlərin (Georgi Muradov, Konstantin Zatulin və s.) və KİV-lərin erməni separatizmini qızışdıran mövqe sərgiləməsindən, Laçın dəhlizinə nəzarətlə bağlı narazılıqlardan və anlaşılmazlıqlardan gedir.

“Bakı gündən-günə Moskvaya rəsmi iradlarını çoxaldır, Moskva isə onların heç birini nə lazımi dərəcədə dəf edə, nə də onlara anlaşıqlı və hərtərəfli cavab verə bilir”.

KONKRET.AZ bildirir ki, “Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı hərbi ekspert, tarixçi alim və politoloq Oleq Kuznetsov Axar.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu iradlar kritik həddə çatanda Azərbaycan mütləq diplomatik, siyasi, sonra isə hərbi hücuma keçəcək ki, bu da orta müddətli perspektivdə onun özünün bütün ərazisi üzərində nəzarəti tam bərpa etməsinə və Rusiyanın öz qoşunlarını Qarabağdan geri çəkməsinə gətirəcək. “Bu isə hazırda aqoniya yaşayan ”miatsum” ideyasının axırına qəti olaraq çıxacaq və “üçüncü” Ermənistan Respublikasının sonu olacaq”, – deyə ekspert qeyd edib.

Kuznetsova görə, Rusiyanın İkinci Qarabağ müharibəsinə müdaxiləsi və Azərbaycan ərazilərinin bir hissəsinin müvəqqəti olaraq onun nəzarətinə keçməsi belə, orta müddətli perspektivdə ermənilərin Qarabağın heç olmasa bir hissəsində qalmasına imkan verməyəcək: “Kreml hələ ki, bütün Azərbaycan ərazilərinin rəsmi Bakının tam yurisdiksiyasına qaytarılmasını yavaşıda bilir, lakin gələcəkdə bunu zəmanət altına almaq gücündə deyil”.

Tarixçi Rusiya üçün Ermənistanın bölgədəki önəminə də toxunub: “Cənubi Qafqaz bölgəsində öz varlığını qorumaq üçün bu gün Rusiya yalnızca bir məqsədlə böyük resurs və imic itkilərinə gedir: Ermənistanın dövlətçiliyini qorusun və sonradan onu yalnız Rusiya xarici siyasəti kontekstində, yeni ideoloji əsasda təzədən formatlaşdırsın. Əks təqdirdə, Güney Qafqaz bölgəsi Rusiya üçün itiriləcək. Kremldə bunu çox yaxşı başa düşürlər. Ancaq ehtimal böyükdür ki, xəstəni – ”üçüncü” Ermənistan Respublikasını xilas eləmək mümkün olmayacaq, çünki onun mövcudluğunun hərəkətverici qüvvəsi olan “miatsum” ruhu heç də əbədi deyil və indiki erməni siyasətçilərinin nəsli ilə birlikdə məhv olacaq. Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri çətin ki, bu vəziyyəti dəyişsin. Əlbəttə ki, bu seçkilərdə qalib olacaq Paşinyan özü “miatsum”un öldüyünü, Qarabağın da Azərbaycan olduğunu söyləmədikcə. Hərgah Ermənistanın özündə Paşinyanın ölkənin dünəni, onun hakimiyyətdəki sələflərinin isə uzaq bir tarixi olduğuna dair fikir var”.

Politoloqun qənəatincə, baş nazir əvəzi Nikol Paşinyanın tərəfdarları, ölkələrinin yeni gələcəyi naminə Qarabağ və “miatsum” ideyasından imtina etməyə hazırdırlar: “Onun seçkilərdə əsas rəqibi – eks-prezident Robert Köçəryanın tərəfdarları isə ”miatsum”un bərpa olunmasına ümid bəsləyir və Azərbaycanla yeni müharibədə hətta qələbəyə inanırlar. Özü də yalnız Qarabağ uğrunda deyil, həm də Naxçıvan uğrunda müharibəyə. Bu gün bu ölkənin dövlət ideologiyası, xalqının isə heç bir milli ideyası yoxdur. O səbəbə ölkədəki böhran uzunmüddətli, barışmaz və qəddarlığı ilə xarakterizə olunur”.

Ancaq “Su çanağı suda sınar” deyib atalarımız. Əgər Ermənistan heç olmasa, özünün rəmzi dövlətçiliyini saxlamaq və dünyanın siyasi xəritəsindən yox olmaq istəmirsə, təcili öz qınına çəkilməli, “miatsum” kimi sərsəm ideya və iddialardan həmişəlik imtina eləməlidir. Xoşluqla olmasa, Azərbaycan bunu güc yolu ilə edəcək. “Dəmir yumruq” uzaqda deyil…/Müsavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*