Yeni tikili mənzillər bahalaşa bilər – SƏBƏB BUDURbackend

Yeni tikili mənzillər bahalaşa bilər - SƏBƏB BUDUR

Azərbaycanda tikinti sektorunda tətbiq edilən yeni qaydalar çoxmənzilli yaşayış binalarında istilik sistemlərinin təşkili ilə bağlı yanaşmanı dəyişir. Fərdi kombi sistemlərinə qoyulan məhdudiyyətlər və alternativ olaraq mərkəzləşdirilmiş qazanxanaların tətbiqi həm vətəndaşlar, həm də tikinti şirkətləri üçün yeni reallıqlar yaradır. Bu dəyişikliklərin ekoloji və enerji səmərəliliyi baxımından müsbət tərəfləri vurğulansa da, onların iqtisadi təsirləri də ciddi müzakirə olunur.

Bəs yeni qaydalar tikinti xərclərini və mənzil qiymətlərini necə dəyişəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu dəyişikliklər Nazirlər Kabineti tərəfindən qəbul olunan qərardan irəli gəlir. Onun sözlərinə görə, yeni layihələndirilən binalarda artıq fərdi kombi sistemlərinin quraşdırılmasına icazə verilməyəcək:

Elnur Azadov: “Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı  sahəsində çox geridə qalır”

“5 mərtəbədən yuxarı layihələndirilən binalarda ya alternativ enerji mənbələrindən istifadə olunmalıdır, ya da binalar mərkəzləşdirilmiş mini qazanxanalara qoşulmalıdır. Əks halda, fərdi istilik sistemlərinin quraşdırılmasına ümumiyyətlə yol verilməyəcək.

Hazırda mini qazanxanaların tətbiqi genişlənsə də, onların effektivliyi ilə bağlı hələ kifayət qədər təcrübə mövcud deyil. Bu sistemlərin real nəticələri qarşıdakı qış mövsümündə daha aydın görünəcək”.

Elnur Azadovun fikrincə, tikinti şirkətləri alternativ olaraq özlərinə məxsus qazanxanalar qurmağa da üstünlük verə bilərlər.

“Lakin bu halda qazın kommersiya tarifi ilə alınması əlavə xərclər yaradır ki, bu da dolayısı ilə mənzil qiymətlərinə təsir edəcək. Qazanxanaların mənfi tərəfi istilik itkisi ilə bağlıdır. Bəzən istilik tam çatmır və qəza hallarında abonentlər çətinlik yaşayır. Fərdi istilik sistemi isə vətəndaşı heç nədən asılı etmir və daha rahat idarə olunur”.

Yeni qaydaların əsas məqsədi qaz emissiyalarının azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və enerji resurslarına qənaət edilməsidir. Bu istiqamətdə qərar baş nazir tərəfindən imzalanıb.

Yeni tələblər tikinti xərclərinin artmasına səbəb ola bilər və bu da nəticə etibarilə yeni mənzillərin satış qiymətlərində artım riskini gündəmə gətirir. Bununla belə, uzunmüddətli perspektivdə enerji səmərəliliyinin yüksəldilməsi və ekoloji üstünlüklər bu dəyişikliklərin əsas hədəfi kimi qiymətləndirilir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*