İranla İsrail və ABŞ arasında gərginliyin daha da artması, mümkün genişmiqyaslı hərbi qarşıdurma ilə bağlı səslənən bəyanatlar regionda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Müharibənin genişlənəcəyi təqdirdə bunun təsirlərinin yalnız qarşıdurma tərəfləri ilə məhdudlaşmayacağı, qonşu ölkələrə də ciddi təsir göstərə biləcəyi ehtimal olunur. Xüsusilə İranla həmsərhəd olan Azərbaycan üçün belə bir ssenari mühüm suallar yaradır.
Bəs mümkün müharibə Azərbaycanın milli təhlükəsizliyinə, sərhədlərinə, iqtisadiyyatına və enerji layihələrinə necə təsir edə bilər? Ölkəmiz qaçqın axını, ticarət əlaqələrinin pozulması və regionda hərbi-siyasi gərginliyin artması kimi risklərlə üzləşə bilərmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Ülviyyə Zülfiqar deyib ki, İran ətrafında son günlər müşahidə olunan hərbi-siyasi fəallıq, ABŞ və İsrailin mümkün yeni əməliyyatlara hazırlığı, eləcə də rəsmi Tehranın sərt cavab bəyanatları regionda daha genişmiqyaslı qarşıdurma ehtimalını artırır:
“Söhbət yalnız qarşılıqlı hərbi zərbələrdən deyil, bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasını dəyişə biləcək müharibə ssenarisindən gedə bilər. Bununla belə, hərbi hazırlıqların intensivləşməsi müharibənin qaçılmaz olduğu anlamına gəlmir. ABŞ-ın hərbi təzyiqi artırmaqla İranı danışıqlarda güzəştlərə məcbur etmək niyyəti də istisna deyil. Ancaq əsas təhlükə tərəflərdən birinin atacağı addımın digərinin daha sərt reaksiyasına səbəb olması və nəticədə prosesin nəzarətdən çıxması olar.
Mümkün genişmiqyaslı müharibənin nəticələri, təbii ki, yalnız İran, İsrail və ABŞ ilə məhdudlaşmayacaq. Xüsusilə enerji infrastrukturlarının, nəqliyyat və logistika marşrutlarının hədəfə çevrilməsi beynəlxalq bazarlarda ciddi qeyri-sabitlik yarada bilər. Hörmüz boğazı ətrafında vəziyyətin daha da gərginləşməsi neft qiymətlərinə, qlobal ticarətə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Digər tərəfdən, regiondakı hərbi-siyasi ittifaqlar və böyük güclərin maraqları müharibənin coğrafiyasının genişlənməsi riskini artırır. Belə bir şəraitdə ən ciddi təhlükələrdən biri də qarşıdurmanın uzunmüddətli regional qeyri-sabitliyə çevrilməsidir.
Məsələnin digər mühüm tərəfi isə mümkün müharibənin regionda mövcud qüvvələr balansına necə təsir göstərəcəyidir. İranın hərbi və iqtisadi potensialının zəifləməsi Yaxın Şərqdə yeni geosiyasi reallıqlar formalaşdıra, regional güclər arasında rəqabəti daha da dərinləşdirə bilər. Digər tərəfdən, genişmiqyaslı hərbi əməliyyatların başlanması İran daxilində siyasi və sosial proseslərə də təsirsiz ötüşməyəcək. Xüsusilə uzunmüddətli müharibə ssenarisində iqtisadi çətinliklərin artması, humanitar böhranın dərinləşməsi və daxili sabitliyin zəifləməsi ehtimalı kifayət qədər yüksəkdir. Hesab edirəm ki, hazırkı mərhələdə əsas məsələ tərəflərin hərbi ritorikadan real qarşıdurmaya keçməsinin qarşısının alınmasıdır. Çünki belə bir müharibə ağır siyasi, iqtisadi və humanitar nəticələrə səbəb ola bilər”.
