“Belə davam etsə, payıza qədər koronavirus tam bitə bilər” – Vüqar İskəndərovbackend

"Belə davam etsə, payıza qədər koronavirus tam bitə bilər" - Vüqar İskəndərov

Avqustun 9-da yoluxanların sayı kəskin aşağı düşüb. Belə ki, 87 nəfər koronavirusa yoluxub, 308-i isə sağalaraq evə buraxılıb. Yoluxanların sayında azalmalar davam edərsə, payıza kimi ölkəmizdə koronavirus pandemiyası bitə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Vüqar İskəndərov bildirib ki, son həftələrdir ki, koronavirusla mübarizədə ölkəmiz müsbət nəticələr əldə edib: “Operativ Qərargahdakı mütəxəssislərin zamanında atdığı düşünülmüş addımlar sayəsində gündəlik yoluxanların və ölənlərin sayında xeyli enmələr var. Bu, hər birimizi sevindirir. Hökumət lazım olan bütün addımlar atır ki, bu tendensiya davamlı olsun. Amma bundan heç birimiz arxayın ola bilmərik. Çünki bu may ayında oldu. Nəticəsini də gördük. İnsanlar yumşalma olan zaman koronavirusun bizim yanımızda olduğunu unutdular.

Nəticədə də yoluxanların, suni aparata qoşulanların və ölənlərin sayı artdı. Bu, hər birimizi düşündürməlidir. Anlamalıyıq ki, koronavirus pandemiyası bizim ətrafımızdadır Gözlə görünməyən düşməndir. Yumşalmalar olduqca biz arxayın ola bilmərik. Hər bir insan özünü və ətrafını mütləq qorumalıdır. Mərhələli şəkildə bu yumşalmalar davamlı olacaq. Çünki uzun müddət iqtisadiyyatı bu cür sıxıb saxlaya bilmərik. Bu proses davamlı olmalıdır.

Paralel olaraq həm yumşalmalar, həm də qaydalara əməl edilməsi ilə bağlı insanlara təbliğatlar davam etdirilməlidir. Son aylarda yoluxmaların sayında xeyli azalmalar var. Bundan əlavə, karantin qaydalara əməl edən insanların sayı da çoxalıb. Biz qoruyucu maskalardan istifadə edib, sosial məsafəni qoruyan insanları görürük. Bir az da bu sahəyə diqqəti artırmalıyıq. Dayanmadan təbliğat işləri görülməlidir. Biz anlamalıyıq ki, proseslər getdikcə özümüzü qoruma prinsiplərinə də əməl etməliyik. Mən elə başa düşürəm ki, yumşalmalara, qoyulan qaydalara əməl etsək, biz payıza doğru söyləyə bilərik ki, pandemiyaya qalib gəlmişik. Amma heç bir halda arxayın olmaq olmaz. Çünki hələlik bu bəla bizimlə birgə yaşayır. Çalışmalıyıq ki, qoyulan qaydalara ciddi əməl edək. Həm özümüzü, ətrafımızı və dövlətimizi koronavirus pandemiyasından qoruya bilək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*