“Bezkamer” təkərlər partlamır axı, cənab hakimlər – Əli Həsənovun nəvəsinin azad edilməsi işibackend

“Bezkamer” təkərlər partlamır axı, cənab hakimlər – Əli Həsənovun nəvəsinin azad edilməsi işi

Baş nazirin müavini Əli Həsənovun ağır qəza törətmiş və həbs olunmuş nəvəsinin azadlığa buraxılması yəqin ki, ailə üzvlərində məmnunluq yaradıb. Ancaq bu işdə zərərçəkən olmayan on minlərlə adam bu “humanizm”dən narazıdır.

Çünki o, bahalı avtomobil ilə sürət yarışına çıxarkən 2 nəfərin ölümünə, 4 nəfərin isə şikəst qalmasına səbəb olmuş, üstəlik, cinayət məsuliyyətindən yayınmaq üçün xalqı aldatmağa çalışmışdı.

Ancaq məsələ başqa cür oldu. 25 yaşlı Nail Allahverdiyev adlı şəxsin ağır cəza almayacağına dair geniş yayılmış rəylərə rəğmən ona 6 il cəza kəsildi. Bununla belə, hələ o vaxtlar yenə bir çoxları bildirirdi ki, əslində bu cəza ölkədə başlanmış ajiotajı səngitmək üçündür, bir ildən sonra Naili azad edəcəklər, o vaxta qədər isə o, “içəri”də xüsusi qayğıyla əhatə olunacaq, rahat bir həyat keçirəcək.

Doğrudan da elə oldu, düz bir ildən sonra qatil sürücüyə öz cəzasını məntəqə tipli cəza müəssisində çəkmək lüksü verildi. Bu, artıq faktiki olaraq onun azadlığa buraxılması demək idi, yanına ailə üzvləri, dost-tanışları gələ, özü 10 kilometr radiusunda hərəkət edərək sərbəst, asudə yaşaya bilərdi. Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsi o formal cəzanı da ləğv edib. İndi Nail azaddır. Yəqin ki, bu gün sabah sürücülük hüququ da bərpa olunar (əgər ləğv olunubsa), qəza keçirmiş “Gelandevagen”i də yenilənət.

Əslində onun daha sürətli, bərkqaçan maşınlar da var, heç yenisini almağa ehtiyac yoxdur.

Bildirilir ki, ölənlərin qanını batırılması, yaralıların haqqının yeyilməsi (onlar şikəst qaldıqları, əməklə məşğul ola bilmədikləri və müalicələrinin öz hesablarına davam etməsinə görə hələ də şikayətçidirlər) üçün xeyli işlər görülüb. Nailin vəkili belə qələmə verib ki, guya o, ölən dostunu xəstəxanaya çatdırarkən yolda maşının təkəri partlayıb və qəza baş verib.

Əslində isə bu absurd iddiadır. İstənilən sürücü bu barədə ekspert ola və deyə bilər ki, “Gelandevagen” kimi avtomobillərin (əslində müasir avtomobillərin 99 faizinin) təkərinin partlaması söhbəti yoxdur. Bu təkərlərə hətta sallama mismar da girsə, təkər partlamır, yavaş-yavaş boşalır, çünki sürücülərin sevimli ibarəsi ilə desək, bunlar “bezkamer”, yəni kamersiz təkərlərdir.

Təkcə bu fakt göstərir ki, Naili haqqı olmadığı halda azadlığa buraxanlar ictimaiyyətin başına corab hörürlər.

O hadisənin şahidi olan hər kəs onun və digər dostunun avtomobil ötüşdürməsi yarışı təşkil etdiklərini bilir. Bu, maşınların sürətini və hərəkətini qeydə alan videokameralar vasitəsi ilə də təsbit olunub.

Ən təhlükəlisi odur ki, cəmiyyətdən təcrid olunmalı olan şəxs bu düşüncəsi və vərdişləri ilə yenidən ictimaiyyət arasına, yollara çıxacaq və ətrafa təhlükə saçmaqda davam edəcək.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*