Havalar istiləşdikcə küçədə, xüsusilə yaşayış binalarının önlərində açıq balıq satışının şahidi oluruq. Mütəxəssislərin fikrincə, açıq şəkildə satılan balıqlar ciddi qida təhlükəsizliyi mövzusuna çevrilir.
Bəs yollarda satılan balıqların keyfiyyətinə nə qədər əmin ola bilərik?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida eksperti Fərid Səfərovun sözlərinə görə, belə satışlarda risk az deyil və ehtiyatlı olmaq lazımdır.
O bildirib ki, balıq çox tez xarab olan məhsuldur: “İsti havada 20–30 dəqiqə ərzində belə bakteriyalar sürətlə çoxala bilər. Soyuq zəncir (0–4°C) qorunmazsa, məhsul təhlükəli hala gələ bilər. Açıq havada toz, həşərat, günəş şüaları əlavə çirklənmə yaradır. Küçədə satılan balıqlarda çox vaxt temperatur nəzarəti yoxdur, saxlanma şəraiti bilinmir, məhsulun haradan gəldiyi qeyri-müəyyəndir. Əsas risklər qida zəhərlənməsi, histamin zəhərlənməsi (xüsusilə ton balığı kimi növlərdə), parazitlər (yaxşı saxlanmayan və ya düzgün bişirilməyən balıqda), ağır metal və çirklənmə riskidir”.
Ekspert qeyd edib ki, bina önlərindən balıq almağa tam etibar etmək düzgün deyil və ən təhlükəsiz seçim rəsmi nəzarətdən keçən marketlər və sertifikatlı balıq satış nöqtələridir: “Balıq alarkən bəzi nüanslara diqqət etmək lazımdır. Balığın gözləri parlaq və şəffaf olmalıdır. Köhnə balıqda bulanıq, içəri çökmüş vəziyyətdə olur. Qəlsəmələri açıq qırmızı olur. Köhnə balıqda qəhvəyi, tünd və ya selikli kimi görünür. Qoxusu yüngül dəniz qoxusu kimidir. Köhnədirsə kəskin, turşumuş, pis qoxu gələcək. Ətinin strukturu isə: barmaqla basanda əvvəlki formasına qayıdır. Köhnəsində isə iz qalır, yumşaqdır və dağılır. Dərisi parlaq və nəmli olmalıdır. Solğun, yapışqandırsa, köhnədir. Küçədə balıq satışı “ucuz və rahat” görünsə də, xüsusilə isti havada qazancdan çox risk daşıyır. Qida təhlükəsizliyi baxımından daha nəzarətli və etibarlı mənbələrə üstünlük vermək daha ağıllı seçimdir”.
