Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Davud Əkbərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə bu il saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, AAAF yaşayış kompleksində yerləşən binanın həyətində baş verib.
Belə ki, Davud Əkbərov həmin vaxt yaşadığı binanın həyətində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobilin salonunda olub. Onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Fəridə İslamova (adı, soyadı şərtidir) uşağına görə ondan 200 manat pul istəyib.
Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Təqsirləndirilən şəxs mübahisə zamanı qadının qarnına, başına və boynuna yumruqla bir neçə dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol əlinin arxa səthində qançır, sağ və sol diz oynaqları nahiyələrində isə sıyrıqlar əmələ gəlib. Xəsarətlər onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.
Hadisədən sonra Davud Əkbərov saxlanılaraq cinayət məsluliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı irəli sürülüb.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
