Bir qadının “xülyası” dünya xəritəsini necə dəyişdi?backend

Bir qadının “xülyası” dünya xəritəsini necə dəyişdi?

1952-ci ildə Kolumbiya Universitetinin rəsədxanasında çalışan 32 yaşlı alim Mari Tarpı tədqiqat gəmisinə yaxın buraxmırdılar. Dənizçilər arasında əsrlərdən bəri yaşayan xurafata görə, gəmidə qadının olması uğursuzluq gətirirdi.

Kişilər “Vema” şxuneri ilə fırtınalı Atlantik okeanına çıxır, exolotların köməyi ilə ölçmələr aparırdılar. Mari Tarp isə tozlu kabinetdə qalırdı. Qarşısında kilometrlərlə kağız lent və dərinlik göstəricilərini əks etdirən milyonlarla qeyd vardı.

Onun həmkarı, geoloq və okeanoqraf Bryus Hizən hər ekspedisiyadan nəhəng kağız rulonları gətirirdi. Mariyə tapşırılan iş kənardan sadə və yorucu görünürdü: milyonlarla ölçmə nöqtəsini əl ilə koordinat şəbəkəsinə köçürmək, okean dibinin profilini mürəkkəb və qələmlə çəkmək.

Həmin dövrdə elmi dairələrdə okean dibinin əsasən hamar, qumlu düzənliklərdən ibarət olduğu düşünülürdü. Alimlər suyun altında kəskin yüksəkliklərin və dərin çökəkliklərin mövcudluğunu hələ tam təsəvvür etmirdilər.

Mari günlərlə nöqtələri birləşdirərək işləyirdi. 1952-ci ildə Atlantik okeanını kəsən altı paralel profil üzərində işləyərkən diqqətini qeyri-adi bir detal çəkdi. Okeanın ortasından uzanan nəhəng sualtı silsilənin mərkəzində təxminən iki kilometr dərinliyə çatan V formalı yarıq vardı.

Bu, rift vadisi idi — Yer qabığının bir-birindən aralanması ilə əlaqəli nəhəng geoloji quruluş.

Mari dərhal bu tapıntını Alfred Vegenerin materiklərin hərəkəti haqqında irəli sürdüyü fərziyyə ilə əlaqələndirdi. 1950-ci illərdə elmi ictimaiyyətin böyük hissəsi materiklərin hərəkəti ideyasına şübhə ilə yanaşır, hətta onun tərəfdarlarını açıq şəkildə məsxərəyə qoyurdu.

Mari çəkdiyi xəritəni həmkarı Bryus Hizənə göstərəndə isə sərt reaksiya ilə qarşılaşdı. Hizən onun nəticələrinə inanmadı, çertyoju qəzəblə stolun üstünə atdı və iddialarını qadın fantaziyası adlandırdı. O, bütün ölçmələrin yenidən yoxlanılmasını və həmin yarığın xəritədən silinməsini tələb etdi.

Bu epizod insanı istər-istəməz düşündürür: aylarla nəhəng məlumat kütləsi üzərində işləyirsən, mühüm elmi nəticəyə gəlirsən, amma həmkarın faktları araşdırmaq əvəzinə səni bir təhqiramiz ifadə ilə susdurmağa çalışır.

Mari incikliyini büruzə verməsə də, çertyojlarını atmadı. O, hesablamaları yenidən yoxladı və əlavə üç profil qurdu. Nəticə dəyişmirdi: yarıq hər kəsikdə yenidən üzə çıxırdı.

Təxminən iki ay sonra laboratoriyaya sualtı zəlzələlərlə bağlı məlumatlar daxil oldu. Hizən zəlzələlərin episentrlərini şəffaf kağız üzərində qeyd etməyə başladı. Bu xəritə Mari Tarpın hazırladığı xəritənin üzərinə qoyulanda otaqda olanlar heyrətə gəldilər. Zəlzələlərin yaratdığı xətt Mari Tarpın müəyyən etdiyi yarığın mərkəzi ilə demək olar ki, üst-üstə düşürdü!

Artıq faktları görməzdən gəlmək mümkün deyildi. Hizən həmkarının haqlı olduğunu qəbul etdi və onlar birlikdə genişmiqyaslı tədqiqatlara başladılar.

1977-ci ildə rəssam Henrix Berannın da iştirakı ilə Dünya okeanının dibinin ilk tam panoramik xəritələrindən biri nəşr olundu. Bu xəritə okean dibinin hamar düzənlik olmadığını, nəhəng dağ silsilələri, dərin vadilər və mürəkkəb geoloji quruluşlarla zəngin olduğunu bütün dünyaya göstərirdi.

Məşhur fransız okeanoqrafı Jak-İv Kusto da əvvəlcə bu nəticələrə şübhə ilə yanaşırdı. O, “Kalipso” gəmisinin kamerasını Atlantik okeanının dibinə endirərək həmin yarığı şəxsən araşdırdı. Sonradan aparılan çəkilişlər sualtı relyefin mürəkkəb quruluşunu əyani şəkildə nümayiş etdirdi.

İngrid Lemanın seysmik dalğaları araşdıraraq Yerin daxili nüvəsinin mövcudluğu barədə mühüm nəticəyə gəlməsini xatırlayırsınız? Mari Tarp da buna bənzər bir elmi əzmkarlıq nümunəsi göstərdi. O, okeanın dibini öz gözləri ilə görmədən, ölçmələr və çertyojlar əsasında elmi təsəvvürləri dəyişdirən nəticələr əldə etdi.

Onun hekayəsi elmdə müşahidənin, dəqiqliyin və inadkarlığın nə qədər vacib olduğunu göstərir. Bəzən böyük kəşflər okeanın dibində deyil, tozlu laboratoriyada, kağız üzərində aparılan səssiz işin nəticəsində meydana çıxır.

ABŞ Konqres Kitabxanası 1997-ci ildə, Mari Tarpın 77 yaşı olanda onu XX əsrin dörd ən böyük kartoqrafından biri kimi tanıdı.

Onun həyatı daha bir həqiqəti xatırladır: elmdə bəzən ən böyük maneə məlumat çatışmazlığı deyil, mövcud faktları qəbul etmək istəməyən düşüncə tərzidir.

Dağlar və okeanlar insanın qarşısında səssiz dayanır. Onların sirlərini isə yalnız səbir, zəhmət və həqiqətə sədaqət aça bilir.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*