ABŞ-ın Arizona ştatında yaşayan Kim Smit illər əvvəl vəfat etmiş oğlu Kristofer Todd Erikin cəsədini Las-Veqasda keçirilən “Real Bodies” adlı anatomiya sərgisində görəndə dəhşətli şok yaşayıb.
Kristofer 2019-cu ildə, cəmi 23 yaşında olarkən keçirdiyi psixoloji böhrandan sonra həyatını itirib. Məlumatlara görə, onun səhvən evsiz şəxs kimi qeydiyyata alınması səbəbindən cəsədi ailəsinin xəbəri və razılığı olmadan bağışlanmış ola bilər.
Ana Kim Smit bildirir ki, oğlu sənədlərdə fövqəladə vəziyyət zamanı əlaqə saxlanılacaq şəxs kimi onu göstərsə də, heç kim ailəyə məlumat verməyib.
Həqiqəti öyrənəndə isə dərdi daha da ağırlaşıb. Ana oğlunun cəsədinin plastinasiya adlanan xüsusi üsulla qorunaraq ictimaiyyətə açıq sərgidə nümayiş etdirildiyini bilib.
İndi Kim Smitin yalnız bir məqsədi var: oğlunun cəsədini geri qaytarmaq və onunla layiq bildiyi şəkildə vidalaşaraq dəfn mərasimi təşkil etmək.
Bu hadisə insan bədənlərinin bağışlanması zamanı ailələrin məlumatlandırılması, mərhumun öz razılığı və tibbi etika ilə bağlı ciddi müzakirələrə səbəb olub.
Bir ana üçün bu mübarizə təkcə hüquqi ədalət axtarışı deyil. Bu, həm də oğlunun xatirəsini qorumaq, onun son mənzilə öz dəyərlərinə uyğun şəkildə yola salınmasına nail olmaq uğrunda mübarizədir.
Hazırladı: Rəsmiyyə Şərifova
KONKRET.az
