“Biz adekvat cavablar verəcəyik” – Müzəffər Ali Baş Komandandan növbəti MESAJbackend

"Biz adekvat cavablar verəcəyik" - Müzəffər Ali Baş Komandandan növbəti MESAJ

Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin yerli televiziyalara geniş müsahibəsi təkcə ölkəmizdə deyil, dünyada böyük maraq doğurdu.

Müstəqil dövlətimizin ən əsas problemini – arxasında iri beynəlxalq aktorların dayandığı Qarabağ münaqişəsini kökündən həll edən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edən böyük siyasətçinin və parlaq dövlət xadiminin fikirlərinin diqqətlə izlənilməsi təəccüblü deyil. 

Zarafat deyil, iri dövlətlərin başımıza hördükləri qarmaqarışıq düyünü məhz Azərbaycan Prezidenti böyük məharətlə çözməyi bacardı. Müstəqil Dövlətlər Birliyi ərazisində yaradılmış ən böyük münaqişəyə İlham Əliyevin son qoyması, özü demişkən, dünya miqyasında çox böyük layları tərpətməsi erməni havadarlarını və lobbisini əməlli-başlı sarsıdıb.

Fikir verirsinizsə, dövlət başçımız bu dəfə də Azərbaycanın 33 illik müstəqillik tarixinin mərhələlərini, cəmiyyətimizin əhval-ruhiyyəsini və beynəlxalq aktorların davranışını dürüstcəsinə və şəffaf şəkildə təhlil etdi. Onun danışığında mütəvazilik, vətənpərvərlik çalarlarının üstünlük təşkil etməsi, xalqımızın başına gətirilən faciələri unutmaması, bizə zərbə olan hər nüansı xatırlaması çox qürurverici haldır. Bu o deməkdir ki, İlham Əliyev heç bir zaman milli maraqlarımızın və mənafelərimizin tapdanmasına yol verməz.

Xankəndidə bayraq qaldırması barədə suala dövlət başçısının “Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur və sevinc hissi əlbəttə ki” cavabı əsl təvazökarlığın və hər cür mədhiyyəyə qarşı olduğunun təcəssümü idi.

“Xocalıda bayrağın qaldırılması daha həyəcanlı idi, onu açıq deyə bilərəm. Fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı”, “Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi” fikirləri və Xankəndinin mərkəzi meydanında ermənilərin iyrənc “miatsum” mitinqlərini xatırlaması İlham Əliyevin başımıza gətirilənləri unutmadığını göstərir.

Xalqımızı ədalətə inanmağa, bədbin olmamağa dəvət edən dövlət başçısının cəmiyyətin sağlam şəkildə ayaqda durması üçün mübarizə ruhunu itirməməsi tövsiyəsi misilsizdir: “Biz ədaləti özümüz bərpa etmişik”.

Radikal müxalifətin iddiasına rəğmən, İlham Əliyev parlaq qələbəmizi yalnız öz adına çıxarmadığını bir daha nümayiş etdirdi. Xalqımızın bütün təbəqələrinin, hətta kütləvi informasiya vasitələrinin bu missiyada rolunu diqqətə çatdırdı. “Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik. Hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı”.

Bu məqamda Prezident xalqımıza “xalq diplomatiyası” adı altında manqurtluğu sırımağa cəhd edən qüvvələri də unutmadı. “Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında – Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin”.

Prezidentin milli maraqlarımıza və mənafelərimizə tam cavab verən bu mövqeyi olduqca vacib məqamdan xəbər verir. Deməli, dövlət başçımızın işğal dövründə “xalq diplomatiyası” adı altında separatçı rejimin “rəhbərləri” ilə görüşən, onları “cənab prezident” adlandıran və əlləri xalqımızın qanına batmış quldurların qonaq etdikləri konyakın dadını hətta İkinci Qarabağ müharibəsindən sonra da unutmayan yerli “jurnalistlər”ə heç bir hörməti və inamı yoxdur.

Qazandığı qələbə ilə xalqımızın sevimlisinə çevrilən İlham Əliyev diplomatik üslubda Qarabağa və milli maraqlarımıza görə Rusiya və Qərb dövlətləri tərəfindən üzləşdiyi təzyiqləri və çətinlikləri də dilə gətirdi.

Ermənistandan Qarabağa silah-sursatın daşınmasının qarşısının alınması məqsədilə 2020-2023-cü illərdə beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edildiyini, “gəlin, birgə postda biz də dayanaq və nəzarəti gücləndirək, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinə də olan tənqidi yanaşma da səngiyər. Çünki biz məsuliyyəti sizinlə bir növ bölüşdürmüş olacağıq” kimi diplomatik təklifin də nəticəsiz qaldığını söylədi. Bu səbəbdən Ermənistanın təxribatlarından bezən Azərbaycan dövlətinin yeni Laçın-Xankəndi yolu marşrutunun çəkilməsini gerçəkləşdirdiyini, “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarını apardığını, Həkəri çayının üzərində Laçın keçid məntəqəsini yaratdığını, proseslərin 19 sentyabr 2023-cü il tarixində bir necə saatlıq antiterror tədbirləri ilə sonuclandığını və bütün təzyiqlərə baxmayaraq, Azərbaycan dövlətinin bir addım belə öz mövqeyindən geri çəkilmədiyini bildirdi. “23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik”.

Dövlət başçımızın günahı olmayan erməni hərbçilərə qarşı hər hansı sanksiyanın tətbiq olunmaması barədə fikri beynəlxalq hüquqa və humanitar konvensiyalara, bəşəri dəyərlərə hörmətinin göstəricisi kimi qiymətləndirilə bilər.

Onun “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm, bu təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil” və “Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik” xəbərdarlığı Azərbaycan xalqının qürurunun, şərəfinin və ləyaqətinin toxunulmazlığının bərpa olunduğunu göstərir.

Prezidentin dünya siyasətində lider çatışmazlığı barədə dedikləri də maraqlı idi. “Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük”.

Prezident fransız yazıçı Aleksandr Dümanın vəsf etdiyi və ağlına heyran qaldığı Xurşidbanu Natəvan kimi azadlıq mücəssəməsi olan Azərbaycan şairəsinin Fransanın Evian şəhərindəki heykəlinə qarşı vandalizm aktını “kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibi” kimi qiymətləndirdi. “Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var”.

Məhz Fransanın ölkəmiz haqqında dezinformasiyalar yaydığını vurğulayan dövlət başçımız Azərbaycanın Fransanın müstəmləkəçilik siyasətinə göz yummayacağını da diqqətə çatdırdı: “Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.

Bir sözlə, bu müsahibə prezidentliyinin 20 illiyinə epoxal hadisələrlə yekun vuran, xalqımızın 200 illik məğlubiyyətinə son qoyan İlham Əliyevin siyasi qətiyyətinin və müdrikliyinin növbəti nümayişinə çevrildi.

Xatirə SADİQ,

KONKRET.az

  • Ferid Ebilov
    Yanvar 13, 2024 - 03:31

    Camaatın başını 4 ildir ancaq Qarabag söhbetleri ile aldadırsan, daha müharibə bitib arada qayıt daxili gündeme. Camaat acından ölür, torpaq yemeyecek camaat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*