Bütün dövrlərdə dinlərin cəmiyyətə xüsusi təsiri olub və insanlar dini inanclarına və milli kimliklərinə görə təbəqələrə bölünüblər. Dini və milli tolerantlıq anlayışı da daim öz aktuallığını saxlayıb. İnsanları biri-birindən inanclarına görə fərqləndirən din həm də ayr-ayrı təbəqələrin formalaşmasına səbəb olub. Dinlər arasında əlaqə, sivilizasiyaların inkişafı, dini dözümlülük isə inkişaf etmiş cəmiyyətlərə məxsus keyfiyyətdir. Yüksək dünyagörüş, intellektin yüksək olması, insanlara normal münasibət, dini inanclara görə hörmət, məhz insani keyfiyyətlərdən irəli gəlir. Deməli, dinlər arasında ünsiyyət və dünyagörüşün formalaşmasında əsas rol oynayan ümumi dəyərlər cəmiyyətlərin bazisidir. Hər bir cəmiyyətin alt qatındakı dini dəyər isə tarixi keçmişlə bağlı məsələdir.
Dini dözümlülük mənasını verən tolerantlıq insan hüquqları anlayışı və vicdanla bağlıdır. Bu dəyərlər insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. Bu, tolerantlığın ilkin şərtləridir və dini dəyərlərin inkişafı, digər dinlərə hörmət və başqa xalqların inancına dözümlülük nümayiş etdirmək həm də yüksək əxlaqın nümunəsidir. İnsanların dini və ya milli mənsubiyyətinə görə təqiblərə məruz qalması bütün dövrlərdə baş verib. Cəmiyyətin diskirminasiyası kimi başa düşdüyümüz bu anlayış eyni zamanda millətlərarası münasibətlərin inkişafında da öz təsirini göstərir.
35 il əvvəl Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti də xalqımızın diskriminasiyaya məruz qalmasının bariz nümunəsidir.Yüz minlərlə insanın əzəli torpaqlarından məhz milli kimliyinə və mənsub olduğu dini dəyərlərə görə deportasiyaya məruz qalması, məhz dini dözümsüzlükdən irəli gəlir. Etnik təmizləmə zamanı diskriminasiyaya məruz qalan azərbaycanlıların eyni zamanda hüquqları pozulub və ermənilərin əməllərində dini ekstremizm elementləri özünü biruzə verib.
Deməli, millətlərarası münasibətlərin inkişaf etdirilməsində, xüsusi ilə dini tolerantlığa həssaslıqla yanaşılamalıdır. Azərbaycanda yaşayan hər bir xalq öz milli dəyərlərini, adət ənənlərini, dini inanclarını qoruyub-saxlayır və dövlət də məsələyə xüsusi diqqətlə yanaşır. Sivilizasiyaların kəsişdiyi Azərbaycanda multikultural dəyərlərin qorunub-saxlanılması minillik tarixə söykənir.
Zaman-zaman formalaşan bu dəyərlər dərin qatlara malikdir və özündə çoxəsrlik bir dövrü birləşdirir. Respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri yaşayır və ölkəmizdə onlara qayğı din siyasətinin prioritet istiqamətlərindəndir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən dini ekspert Tural İrfan bildirdi ki, qloballaşan dünyada tolerantlığa böyük ehtiyac duyulur:

“Tolerantlığın inkişafı üçün əsasən ənənələr, millətləri və dinləri bir-birinə bağlayan mədəniyyətlərin qovuşduğu nöqtələr tapılır. Barışdırıcı, birləşdirici nə varsa, tərənnüm olunur. Söhbət Azərbaycandan gedirsə, bizim müsbət, fərqli xüsusiyyətimiz var. Digər ölkələrdən fərqli olaraq xalqımız istər dini inanc, istərsə də milli mənsubiyyət tərəfindən tolerant xalqdır.
Azərbaycanda bu dəyərləri məhv etmək üçün müxtəlif vaxtlarda müxtəlif cəhdlər olub. Sovet dövründə müəyyən separatçılıq meyilləri baş qaldırıb. Son zamanlarda da bəzi mənfur qüvvələr məzhəblər, dinlərarası birliyi pozmağa cəhdlər edib. Dövlətimizin qüdrəti və möhkəmliyi sayəsində buna imkan verilməyib. Bununla da xarici qüvvələrin burada ayaq açmalarının qarşısı alınıb. Həm də milli tolerantlıq ənənəsi xalqımızın genefondunda var. Bu da Azərbaycanda inancların, məzhəblərin bir-birinə bağlılığından irəli gəlir.
Ailə münasibətləri, sosial, mədəni, tarixi əlaqələr o qədər sıxlaşıb ki, bunun arasına girmək mümkün deyil. Sadəcə bundan sonra gələcək nəsillərin xoş və firəvan yaşaması üçün tolerantlıq ənənələrinin təbliği, gələcək nəsillərə ötürülməsi vacib şərtdir. Bunun üçün təhsil önəmli rol oynayır. Çünki xoşagəlməz cərəyanlara meyl edən insanların çoxu təhsildən kənar olan adamlardır. Dini tolerantlığın inkişafından danışırıqsa, milli mənəvi dəyərlərin yaşadılmasına xüsusi önəm verilməlidir. Milli dəyərlərimizə söykənən tolerantlığımız hətta dünyaya örnəkdir. İslamın yarandığı coğrafiyalarda belə Azərbaycandakı dinlər və məzhəblər arası tolerantlıq ənənəsi yoxdur”.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

