“Bu dəstək mediamızı məmur puluna və ziyanlı maraqlara xidmət etməkdən çəkindirir” – Baş redaktorlar DANIŞDIbackend

“Bu dəstək mediamızı məmur puluna və ziyanlı maraqlara xidmət etməkdən çəkindirir” - Baş redaktorlar DANIŞDI

Azərbaycanda dövlətin mediaya dəstəyi özünü müxtəlif formalarda büruzə verir. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılır. Bu işdə Medianın İnkişafı Agentliyinin üzərinə çox böyük məsuliyyət düşür və adıçəkilən qurum öz vəzifəsini layiqincə yerinə yetirir. Ölkədə media qurumlarının maddi vəziyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar isə xüsusilə təqdirəlayiqdir.  Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektlərinə dəstək layihəsi çərçivəsində müsabiqənin elan edilməsini bu dəstəyin bariz nümunəsi kimi xarakterizə etmək mümkündür. Artıq müsabiqənin nəticələri açıqlanıb. Beləliklə Agentlik 39 xəbər saytına və 16 qəzetə maliyyə yardımı ayıracaq.

Qalib saytlar sırasında yer alan “Visiontv.az” informasiya portalının Baş redaktoru Şöhrət Əliyev Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilən müsabiqədə qalib olmağı onların fəailiyyətinə verilən qiymət kimi dəyərləndirib: “Təbii ki, daha az gəlirli mediamızın müstəqil fəailiyyəti üçün dövlətin bu cür dəstəyi lazımlıdır və mətbuatın inkişafına yönəlik addımdır. Bu cür dəstək mediamızı məmur puluna və ziyanlı maraqlara xidmət etməkdən çəkindirir, alternativ seçim imkanı qazandırır. Seçimin dövlətdən yana olmasına imkan yaradır. Bu işdə təbii ki, MEDİA Agentliyinin rolu danılmazdır. Agentlik bu cür qrant layihələrlə yanaşı, gənc, ixtisaslaşmış peşəkar kadırların hazırlanması, media əməkdaşlarının ev almaq üçün ipotekadan istifadə imkanlarının yaradılması, vergi güzəştlərinin tətbiqi, reklam bazarının şəffaf formalaşdırılması  və sair kimi ciddi problemlərin həllində də mühüm rol oynamalıdır və oynayır. Artıq ev almaq üçün ipoteka imkanları və vergi güzəştləri ilə bağlı ciddi addımlar atılıb və məsələ deyəsən müsbət həll olunub. Bu baxımdan bizim kimi saytlar, media subyektləri, fəal jurnalsitlər Prezidentin Vətən müharibəsindən əvvəl elan etdiyi islahatlar çərçivəsi daxilində MEDİA agentliyinin fəailiyyətinə həm dəstək olmalıyıq, həm də inkişafa onları təşviq etməliyik”.

No description available.

“Pravda.az” xəbər saytının Baş redaktoru İlkin Pirəli Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilən müsabiqənin nəticələrinin tam obyektiv olduğunu deyib: “Siyahıya baxan hər kəs bu qənaətə gələ bilər. Ümumiyyətlə, MEDİA Agentliyi yarandığı gündən şəffaf və hesabatlı fəaliyyət göstərib. O demək deyil ki, rəhbərlik etdiyim xəbər portalı siyahıda olduğu üçün belə düşünürəm, obyektiv olmaq lazımdır. Məsələn, birinci müsabiqə elan olunanda, iştirak etməmişdik, nəticəni müsbət qarşıladıq. Çünki ortada iş var. Bəlkə də 100-dən çox sayt müraciət edib, onların arasından 39 saytı seçmək kifayət qədər məsuliyyət tələb edir. Müsabiqədə hamı razı qala bilməz. Narazılığın olması normaldır, amma bu da gərək obyektiv olsun”.

Yeni yaradılan saytın baş redaktoru: “Ümid edirik ki, əngəllər olmayacaq”

Baş redaktor əlavə edib ki, MEDİA-nın saytlara dəstək verməsindən sonra yaranan mənzərə və inkişaf göz qabağındadır: “Biz göstərilən etimadı yüksək qiymətləndiririk və bunu doğrultmağa çalışırıq. Medianın İnkişafı Agentliyinin işi təkcə bu deyil. Diqqət edin, il ərzində dövlət qurumları ilə neçə-neçə təlim keçirilib. Bu, jurnalistlərin inkişafı baxımından çox önəmlidir”.

“Yeniçağ” Media Qrupun rəhbəri Aqil Ələsgərin sözlərinə görə, bu cür müsabiqələrin keçirilməsi Azərbaycan Prezidentinin ölkə mediasına göstərdiyi qayğının nəticəsidir: “Media Agentliyi artıq 3-cü dəfədir ki, müsabiqə elan edir. Bu layihə jurnalistlər üçün böyük bir dəstəkdir. Media Agentliyinin əsas istəyi budur ki, jurnalistlər yüksək maaşla qeydiyyata alınsınlar. Eyni zamanda hesab edirəm ki, bu cür layihələr jurnalistlərin ipotekadan yararlanmaq məsələsində, və digər iqtisadi problemlərinin həllində mühüm rol oynayacaq. Düşünürəm ki, bu yardımla bərabər medianın inkişafı üçün təkliflər paketi hazırlanmalıdır. Medianın inkişafı üçün lazım olan bütün zəruri addımlar atılmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*