“Der Spiegel”: Gerhard Şröder Rusiyada gördüyü işə görə pul almaqla sanksiyalardan necə yan keçə bilər?backend

“Der Spiegel”: Gerhard Şröder Rusiyada gördüyü işə görə pul almaqla sanksiyalardan necə yan keçə bilər?

Almaniyanın “Der Spiegel” jurnalı keçmiş kansler Gerhard Şröderin Rusiyada gördüyü işə görə pul almaqla sanksiyalardan necə yan keçə biləcəyindən yazıb.

KONKRET.az xəbər verir ki, sentyabrın sonunda Almaniyanın keçmiş kansleri Rusiyanın “Qiperqlobus” MMC-nin müşahidə şurasına daxil olub. Formal olaraq, bu şirkət eyniadlı hipermarketlər şəbəkəsini idarə edən Almaniyanın “Globus Holding” şirkətindən ayrılıb.

Lakin “Der Spiegel” jurnalının məlumatına görə, Şröder maaşını Rusiyanın “Qiperqlobus” şirkətindən deyil, Almaniyanın “TMB Holding” şirkəti ilə bağladığı “məsləhət xidmətləri müqaviləsi” vasitəsilə alır.

“TMB Holding” jurnala keçmiş kanslerlə həqiqətən də müqavilə bağladığını təsdiqləyib. Bununla belə, şirkət müqavilənin Şröderin “Qiperqlobus”un müşahidə şurasındakı yeni vəzifəsi ilə əlaqəli olub-olmadığını şərh etməkdən imtina edib.

“TMB Holding”dən bildirilib ki, Şröder ailə şirkətlərinə məsləhət vermək sahəsində böyük təcrübəyə malikdir. Buraya xarici bazarlardakı, o cümlədən Rusiya bazarındakı strateji məsələlər, eləcə də Rusiyada fəaliyyət göstərən şirkətlərə məsləhət xidmətlərinin göstərilməsi daxildir.

“Der Spiegel” jurnalının mənbəsinin sözlərinə görə, “TMB Holding”in Şröderlə yeni müqaviləsi mümkün sanksiya nəticələri baxımından hüquqi ekspertizadan keçirilib. Nəticədə sanksiyaların pozulmadığı qənaətinə gəlinib.

Bundan əvvəl “Saarbrücker Zeitung” qəzeti yazmışdı ki, “TMB Holding”in sahibi 200 ildir “Globus” şəbəkəsini inkişaf etdirən eyni Brux ailəsidir.

“Der Spiegel” xatırladır ki, sanksiyalara görə Şröderin Rusiya şirkətlərində tutduğu vəzifələrə görə birbaşa ödənişlər alması mümkün deyil. Bu səbəbdən 2025-ci ildə “Sparkasse Hannover” bankı keçmiş kanslerə “Nord Stream 2 AG” şirkətindən edilən ödənişləri bloklamışdı.

Şröder sanksiyalardan mümkün yayınma ilə bağlı “Der Spiegel”in sorğusuna cavab verməyib. “Deutsche Welle” (DW) də məsələ ilə bağlı “TMB Holding”ə öz sorğusunu ünvanlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*