Bu il ali məktəblərə keçid balları aşağı salına bilərmi? – AÇIQLAMAbackend

Bu il ali məktəblərə keçid balları aşağı salına bilərmi? - AÇIQLAMA

Bu il abituriyentlər qəbul imtahanına düşən sualların çətin olması ilə bağlı fikirlər səsləndirirlər. Bundan əlavə, mart ayından tədris ili başa çatana qədər dərslər onlayn formada keçirilib. Sadalananlar nəzərə alınmaqla keçid ballar aşağı salına bilərmi?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Etibar Əliyev bildirdi ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi mart ayından tədris ili başa çatan dövrə qədər dərs proqramında nəzərdə tutulan mövzuların qəbul imtahanlarına salınmayacağını bəyan ediblər:

“Əlbəttə, bu, çox gözəl addımdır. Biz bilirik ki, dərslər olmayıb. Onlayn və distant təhsilin effekti ənənəvi dərslər kimi olmur. Açıq danışaq ki, bu dövr ərzində şagirdlər repititor xidmətindən də mərhum oldular. Biz bilirik ki, repititor xidmətinin qəbul prosesində çox böyük rolu var. Ali məktəbə sənəd verən bütün uşaqların valideynləri qiymətdən asılı olmayaraq bu xidmətə müraciət edir. Əgər sualların çətinləşdirilməsi ilə bağlı abituriyentlərin söylədikləri dəqiqdirsə, məncə, bu, anlaşılmazlıqdır. Əslində mart ayından tədris ili başa çatana qədər keçirilən mövzular imtahana salınmırsa, sentyabrın 15-dən mart ayına qədərki vaxtda olan sualların formalaşmasında istər açıq, istərsə də qapalı tipli sualları ifrat dərəcəsində çətinləşdirmək olmaz.

Burada 3 mərhələ var. Sadə, orta və çətinliyi ilə seçilən test tapşırıqları. Dövlət İmtahan Mərkəzi bu 3 mərhələdən istifadə edir. İndi hələlik nəticələr açıqlanmadığına görə, bizim təhlil etmək imkanlarımız məhdududur. Düşünürəm ki, bu balların müəyyənləşdirilməsinin içərisində olacaq. Bu gün balların aşağı düşməsi ilə bağlı söhbət etmək olmaz. Düşünürəm ki, ötən illlərə nisbətən maksimum nəticə göstərənlərlə minumum bal toplayanların arasında müəyyən fərq olacaqdır. Ona görə də, proqnozlaşdırmaq mümkündür ki, abituriyentlər ötən illərə nisbətən daha aşağı ballarla ali məktəblərə daxil ola bilərlər. Ola bilər ki, uşaqlar mart ayından məktəbdən ayrıldıqlarına görə suallar onlara çətin gəlib. Yəni, burada psixoloji amil də özünü göstərə bilər. Əlbəttə, bütün bunlar müəyyən təhlillərdən sonra üzə çıxacaq”.

Nərgiz Mirzəyeva
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*