Bu ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 1 milyon 795 min dollar olan 1 694,8 ton dondurulmuş nərə balığı ixrac edib. Onun 1 kiloqramının orta gömrük dəyəri 1,06 dollar (1,8 manat) olub. Azərbaycan bu məhsulu 3 ölkəyə ixrac edib: Qazaxıstan – 178,2 ton (0,93 dollar/kq); Rusiya – 1 473,8 ton (1,08 dollar/kq); Türkmənistan – 42,8 ton (0,75 dollar/kq).
Digər tərəfdən, iqtisadçı Turab Rzayevin iddiası diqqət çəkib. Belə ki, o, nərə balığının daxili bazarda 50, 100, 150 manata təklif edildiyini bildirib.
Bu fərqlər nə ilə izah olunur?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, statistik göstəricilərin iqtisadi təhlilinə görə, burada ya uyğunsuzluq, ya da məlumatların təhrif olunması ehtimalı var:
“Daxili bazarda 100-150 manata satılan məhsulun idxal sənədlərində təxminən 1 dollar dəyərində göstərilməsi ciddi şübhə yaradır. Mümkün səbəblərə gəlincə, məhsulun gömrük bəyannaməsində vergi və rüsumları azaltmaq məqsədilə real dəyərindən aşağı qiymətlə göstərilməsi ehtimalı istisna deyil. Bu halda faktiki məbləğin başqa şirkətlər və ya vasitəçi mexanizmlər üzərindən köçürülməsi mümkündür. Belə hallar iqtisadiyyatda “qara mühasibatlıq”, saxta fakturalar və ya transfer qiymətləndirilməsi (transfer pricing) kimi mexanizmlərlə əlaqələndirilə bilər. Digər ehtimal isə idxal olunan məhsulun son istehlak üçün nəzərdə tutulmuş hazır məhsul yox, emal olunmamış xammal, yarımfabrikat və ya aşağı keyfiyyətli məhsul olmasıdır. Məsələn, bu cür məhsulların sonradan heyvan yemi və ya digər emal məhsullarının istehsalında istifadəsi mümkündür”.
İqtisadçı bildirib ki, qiymət fərqi pərakəndə və topdansatış arasındakı fərqlə də izah edilə bilər:
“Lakin mövcud rəqəmlər göstərir ki, bu amil təkbaşına belə böyük fərqin yaranmasını əsaslandırmır. Bu baxımdan, ən məntiqli ehtimallardan biri idxal olunan məhsulun emal olunmamış, brend dəyəri olmayan, yaxud aşağı keyfiyyətli məhsul və ya məhsul hissələri olmasıdır. Daha dəqiq nəticəyə gəlmək üçün idxalçı tərəflərin əlavə məlumat təqdim etməsi vacibdir”.
