“Rusiya vətəndaşlarının Aİ ölkələrinə girişinə qadağa qoyulması ideyası nasist siyasətinin təzahürüdür”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib.
Şoyqu bu barədə Birinci Beynəlxalq Antifaşist Konqresinin plenar iclasında bildirib:
“Bu gün biz nasist siyasətinin daha bir parlaq təzahürünün şahidi oluruq. Rusiya vətəndaşlarının Aİ ölkələrinə girişini qadağan etmək üçün Avropa tribunalarından rusofobik ideya fəal şəkildə təbliğ edilir” – o vurğulayıb.
Şoyqu bildirib ki, xüsusilə Estoniya, Latviya və Litva Nürnberq Tribunalının hüquqi və siyasi qiymətini tapdalayır, SS legionerlərinin yürüşlərinə ev sahibliyi edir, onlara abidələr ucaldır, nasist şüarlarını və çağırışlarını açıq şəkildə təbliğ edir.
Xatırladaq ki, avqustun 31-də Praqada keçiriləcək qeyri-rəsmi görüşdə Aİ ölkələrinin xarici işlər nazirləri ruslara vizaların verilməsini azaltmaq üçün Şengen viza kodunun dəyişdirilməsi imkanlarını müzakirə edəcəklər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
