Kosta-Rika prokurorları Prezident Rodriqo Çaves Robles və bir neçə hökumət üzvü ilə bağlı araşdırmalara başlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar nüfuz alverində şübhəli bilinirlər.
Qeyd olunub ki, iş “CR Hoy” media qrupunun direktorlar şurasının üzvü Leonel Baruçun şikayətindən sonra açılıb.
O, Prezident Çavesi və digər rəsmiləri onun boşanma prosesinə qarışmaqda və keçmiş həyat yoldaşı ilə uşaqların qəyyumluğu ilə bağlı mübahisədə ittiham edib.
Baruçun sözlərinə görə, ölkə hökuməti üçün sosial şəbəkələrdə bir videoda rol aldığına görə hakimiyyət keçmiş arvadının tərəfini tutub.
Kosta-Rika qanunlarına görə, nüfuz alveri iki ildən beş ilə qədər həbs cəzası nəzərdə tutur.
Qeyd edək ki, iyulun əvvəlində Rodriqo Çavesə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açılıb. Məlumata görə, Çaves Aİ sammitində iştirak etmək üçün səfəri zamanı həyat yoldaşının doğulduğu Latviyaya gedib. Belə ki, Prezidentin xərclərini planlaşdırarkən Latviyaya səfər nəzərdə tutulmayıb.
İqbal Rzayev,
KONKRET.az
