“53 min manat pul və Rusiya vətəndaşlığı” – Azərbaycanlılar yağlı vədlərlə müharibəyə cəlb olunurbackend

“53 min manat pul və Rusiya vətəndaşlığı” – Azərbaycanlılar yağlı vədlərlə müharibəyə cəlb olunur

“Azərbaycanda Rusiya-Ukrayna müharibəsində muzdlu iştirakçılığa dair təbliğat-təşviqat aparırsa, bu barədə hüquq-mühafizə orqanları mütləq tədbir görməlidir. Qanunvericiliyə görə, Azərbaycan vətəndaşının başqa ölkələrin silahlı birləşmələrində döyüşməsi qadağandır”.KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a hərbi bloqçu Tofiq Şahmuradov deyib.

O, Rusiya tərəfinin azərbaycanlıları müxtəlif vədlərlə Ukrayna müharibəsində iştiraka cəlb etdiyini təsdiqləyib:

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı ayrı-ayrı vaxtlarda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin bəyantları olub. Həmin müharibədə iştirak edib daha sonra Azərbaycana qayıdan bir neçə şəxs həbs olunub.

Ruslar əvvəllər bu məsələdə boşluqdan istifadə edirdi. Onlar Rusiyada yaşayan azərbaycanlılara Ukrayna ilə aparılan müharibədə iştiraka görə müəyyən miqdarda pul və Rusiya vətəndaşlığı təklif edirdilər. Amma Azərbaycan qanunvericiliyində belə bir tələb var: Rusiya vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı 30 gün ərzində Dövlət Miqrasiya Xidmətinə bununla bağlı məlumat verməlidir. Əgər məlumat vermirsə, bu həmin şəxsi məsuliyyətdən yayındırmır. Yəni heç kim deyə bilməz ki, mən Rusiya vətəndaşı kimi döyüşmüşəm”.

T.Şahmuradov əlavə edib ki, müharibənin əvvəlindən bəri təxminən 700 nəfərdən çox etnik azərbaycanlı Rusiya-Ukryana müharibəsində hər iki səngərdə döyüşməklə həlak olub:

“Ümumiyyətlə müharibədə iştirak müqabilində edilən təkliflərin hamısı aldadıcıdır. Ruslar müqavilə bağlayan muzdlu döyüşçülərə vətəndaşlığı dərhal vermir. Bu proses müəyyən müddət çəkir.

Rusiya-Ukrayna müharibəsi bizə aid olmayan münaqişədir. Azərbaycan vətəndaşlarının bu müharibəyə qoşulması yolverilməzdir. Müharibənin əvvəlində azərbaycanlılar Rusiya hüquq-mühafizə orqanlarının təhdidi ilə üzləşirdi və hər hansı ciddi olmayan nöqsana görə həbs olunurdu. Daha sonra həbsdən azad olunmaları müqabilində onlarla müharibədə iştirak etməyə dair məcburi müqavilə bağlayırdılar. Nəyin bahasına olur-olsun, azərbaycanlılar belə təklifləri qəbul etməməlidir. Qoy deportasiya etsinlər, deportasiya edilmə ölməkdən daha pisdir?!

Ukrayna, bir növ, “ət maşını”na çevrilib və insanlar kütləvi şəkildə qırdırılır. Rusiya ordusu bu ilin yanvarından bəri təxminən 180 min hərbçisini itirib. Ona görə də, belə təhdidləri qəbul etmək olmaz. Müharibənin əvvəlindən bəri təxminən 700 nəfərdən çox etnik azərbaycanlı Rusiya-Ukryana müharibəsində həlak olub. Onların bir hissəsi Azərbaycan, yaxud Rusiya vətəndaşı olan azərbaycanlılardır”.

Xatırlatma: sosial şəbəkələrdə bəzi istifadəçilər və səhifələr Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı təbliğat motivli elanlar paylaşılır. Belə elanlarda yüksək məbləğdə pul, o cümlədən 53 min manat birdəfəlik ödəniş və 6 min manat aylıq haqq, üstəlik Rusiya vətəndaşlığı müqabilində muzdlu döyüşçü kimi döyüşlərə qatılmaq təklif edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*